“Google”un keçmiş mühəndisi: Bəşəriyyətin süni intellekt səbəbiylə yox olma ehtimalı ən azı 95 faizdir
“İndiki yolumuza davam etsək, bəşəriyyətin süni intellekt səbəbiylə yox olma ehtimalı ən azı 95 faizdir”.
“Report” xəbər verir ki, bunu “Google” və “Microsoft”un keçmiş mühəndisi, hazırda Maşın Kəşfiyyatı Tədqiqat İnstitutunun prezidenti Neyt Soares bildirib.
“Əgər hazırkı kursumuzu davam etdirsək, məhv olmaqdan qaçmaq şansımız demək olar ki, qalmayacaq. Biz 100 km/saat sürətlə uçuruma doğru gedirik”, – deyə o bildirib.
Onu Nobel mükafatı laureatı Ceffri Hinton, riyaziyyatçı Yoşua Bencio və “OpenAI”, “Anthropic” və “Google DeepMind”ın rəhbərləri də dəstəkləyib.
Onların birgə bəyanatında deyilir: “İnsanların süni intellektə görə yox olma riskinin azaldılması pandemiya və nüvə təhlükələri ilə yanaşı qlobal prioritet olmalıdır”.
Qeyd edilib ki, narahatlıqlar aldatmağa, planlaşdırmağa və nəzarətdən çıxmağa qadir olan super ağıllı süni intellektin yaranması ehtimalı ilə bağlıdır. Belə ki, hazırda süni intellekt artıq yalan danışa bilir və onun daxili prosesləri insanlar üçün çox vaxt anlaşılmaz olur.
Mənbə: Report.Az