Bakıda it oğurlayan şəxs həbs edildi
Oğurladığı iti Bakı Beynəlxalq Avtovağzal Kompleksində gəzintiyə aparan şəxs həbs edilib.
Modern.az Qaynarinfo-ya istinadən xəbər verir ki, saxlanılan 1988-ci il təvəllüdlü F.Q. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, 6 avqust 2025-ci il tarixdə zərərçəkmiş C.H. iti gəzdirmək üçün əraziyə çıxarıb və naməlum şəraitdə heyvan oğurlanıb. Təqsirləndirilən şəxs isə bildirib ki, gecə saatlarında özünə məxsus olan iti gəzdirən zaman Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postunun yanından keçərkən bir itin dəmir dirəyə bağlandığını görüb. Bazar dəyəri 450 manat olan “Malinka” cinsli iti götürərək yaşadığı evə aparıb.
Həmin günün səhəri itlə birlikdə Avtovağzal ərazisində yerləşən gül mağazasında olan zaman zərərçəkən ona yaxınlaşaraq, heyvanın ona məxsus olduğunu bildirib. F.Q. könüllü şəkildə iti sahibinə vermədiyi üçün hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları çağırılıb və təqsirləndirilən şəxs saxlanılıb.
Məhkəmənin hökmü ilə F.Q. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 25 gün həbs edilib.
Mənbə: Modern.az