Milli-mənəvi dəyərlərin aşınmasında sosial şəbəkələrin rolu
Qloballaşma şəraitində sosial şəbəkələr (Facebook, Instagram, YouTube və Twitter (indiki X), TikTok) kimi yeni ünsiyyət platformaları, informasiya mənbələri mədəni ekspansiyanın güclü alətlərinə çevrilib. Onlar nəinki əlavə məlumat mübadiləsi aparır, həm də mədəni müstəmləkəçiliyin gizli formada həyata keçirilməsini təmin edirlər. Hazırda daha çox sosial şəbəkələr üzərindən mədəni kimliyin assimilyasiyasını və aşınması təşviq edilir.
Sosial şəbəkələr vasitəsilə yad mədəniyyət elementləri tez-tez cəlbedici və diqqətçəkən məzmun formasında təqdim olunur. Əksər hallarda bu proses fərdi azadlıq, istehlakçı həyat tərzi, müasirlik və kosmopolitizm kimi anlayışların arxasına gizlənərək aparılır. Lakin bu təqdimatlar, mahiyyət etibarilə, ənənəyə sadiqlik, ailəyə hörmət və milli-mənəvi dəyərlərə bağlılıq kimi cəmiyyətin dayaqlarını zəiflətməyə xidmət edən ideoloji təsir vasitələrinə çevrilir. Nəticədə, milli kimliyin əsas sütunları olan adət-ənənələr tədricən kölgədə qalır, onların yerini isə tez dəyişən, dərin köklərə malik olmayan yad mədəni nümunələr tutur. Bu platformaların alqoritmləri bu effekti gücləndirir, emosional reaksiya doğuran məzmun daha çox təqdim edir. Podkastlar, TikTok və YouTube daxil olmaqla yeni media platformaları vasitəsilə istifadəçilər, xüsusən də gənclər daima yad insanlarla təmasda olur, güclü və geniş şəkildə təbliğ olunan yad mədəniyyətin təsirinə düşür, bu isə milli kimlikdən uzaqlaşmağa səbəb olur. Tədqiqatlar göstərir ki, bu, təsadüfi proses deyil, inkişaf etmiş mədəniyyətlərə (çox vaxt Qərb) mədəni imperializm üçün platforma verilir.
Nigeriyada aparılan tədqiqatlardan biri mədəni assimilyasiyada və süni dəyərlərin təbliğində sosial medianın roluna diqqət yetirir. “Nigeriyada sosial media, mədəni kommersiyalaşdırma və süni dəyərlərin təşviqi” (2022) əsərində müəlliflər Facebook və Instagram kimi platformaların qida (McDonald’s, KFC), geyim və guya individual azadlığı adı altında yad davranış tərzinin nigeriyalı gənclərin uğur simvolu kimi qəbul etdikləri nümunələrə necə çevirdiyini təhlil edirlər. Bu yerli gənclərin davranışını, dünyagörüşünü tamam dəyişir, bu zaman maddi resurslar elə yad mədəniyyətlə əlaqədar məhsul və xidmətlərə sərf edilir. Məsələn, ənənəvi yeməklər və festivallar kənarda qalır və süni dəyərlər, normalar (məsələn, istehlakçı fərdiliyi) ənənəvi, milli ənənələri əvəz edir.
Tədqiqatda qeyd edilir ki, 2020-ci ildən 3,6 milyarddan çox sosial media istifadəçisi olan nigeriyalı gənc smartfonlarla aktiv şəkildə assimilyasiyaya məruz qalır və mədəni irsini itirir. Tövsiyə olunur ki, bu aşınmaya qarşı çıxmaq üçün sosial mediada yerli dillərin və adət-ənənələrin təbliğinə yenidən diqqət yetirilməlidir
Misir kontekstində mədəni kimliyə neqativ təsir baxımından sosial mediada da oxşar tapıntılar aşkarlanıb. 360 respondent arasında aparılan sorğuya əsaslanan “Sosial media istifadəsinin kənd mədəni kimliyinə təsiri: Misirin Bamha kəndində tədqiqat ” (2022) araşdırılmasında göstərilir ki, iştirakçıların 40%-i sosial mediaya görə yüksək səviyyəli mədəni kimlik dəyişikliyi keçirdiyini bildirib. Platformalar icma əlaqələri və mənəvi dəyərlər kimi ənənəvi dəyərlərin pozulmasına səbəb olan xarici normaların qəbuluna imkan verir. Tədqiqat göstərir ki, mənfi təsirlərin minimuma endirilməsi məqsədilə gənclər arasında tənqidi düşünmə bacarığının və media savadlılığının inkişafına yönəlmiş tədbirlər həyata keçirilməlidir.
“Rəqəmsal əsrdə sosial dəyərlərin aşınması” (2024) adlı məqaləsində doktor Sem Qoldşteyn sosial medianın təsir mexanizmlərini təhlil edərək vurğulayır ki, aşağı davranış standartları çox vaxt cəlbedici və emosional təsir yaradan məzmun vasitəsilə sürətlə yayılır və qısa müddətdə milyonlarla insan tərəfindən izlənilərək normal bir hadisə kimi qəbul olunmağa başlayır. Xüsusilə “viral” olmaq, yəni milyonlarla baxış toplayaraq geniş auditoriya tərəfindən tanınmaq arzusu sosial şəbəkə istifadəçilərini qalmaqallı, diqqətçəkən və bəzən də etik dəyərlərə zidd hərəkətlərə təşviq edir. Bu proses nəticəsində dərin mənəvi və mədəni dəyərlərə əsaslanan hörmət və rəğbət anlayışları tədricən arxa plana keçir, onların yerini isə səthi, süni və qısaömürlü qarşılıqlı əlaqə formaları tutur. Beləliklə, rəqəmsal məkanda populyarlıq uğruna aparılan mübarizə çox vaxt cəmiyyətin etik sərhədlərinin zəifləməsinə, sosial münasibətlərdə saxtalaşmaya və həqiqi insani bağların sarsılmasına gətirib çıxarır.Başqa mədəniyyətlərin sosial şəbəkələr vasitəsilə ötürülən təsiri milli mədəniyyətin elementlərini sıxışdırır və ya təhrif edir. Başqa mədəni kontekstlərdə yaradılmış kontentin həddən artıq intensiv istifadəsi insanın öz adət-ənənələrinə, dilinə, incəsənətinə və tarixinə marağının itməsinə səbəb olur. Bundan mədəni işğal ideoloqları məharətlə yararlanırlar.
Qloballaşma dövründə milli dəyərlərin və mədəni irsin qorunması cəmiyyətin davamlılığı və milli kimliyin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Qlobal informasiya axını, sosial media və kütləvi kommunikasiya vasitələri gənc nəsli yad mədəni təsirlərə açıq vəziyyətə gətirir, ənənə və milli dəyərlərin zəifləməsinə şərait yaradır. Belə bir mühitdə təhsil müəssisələrinin, ailələrin və ictimai təşkilatların rolu xüsusilə önə çıxır: təhsil proqramları gənclərə milli tarix, ədəbiyyat və incəsənəti öyrətməklə yanaşı, media savadlılığı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməlidir. Ailələr milli adət-ənənələri yaşadaraq gənclərə mənəvi və etik dəyərlərin vacibliyini göstərməli, icmalar isə milli musiqi, folklor və digər mədəni tədbirlərlə gəncləri aktiv şəkildə cəlb etməlidir. Eyni zamanda, rəqəmsal texnologiyalardan və sosial platformalardan istifadə etməklə milli dəyərlərin müasir formatlarda təbliği vacibdir; belə yanaşma milli mədəniyyətin həm qorunmasına, həm də qlobal aləmdə tanıdılmasına xidmət edir.
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə “Baki Politoloqlar Klubu” İctimai Birliyi tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.
Mənbə: Modern.az