VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək – DİM sədri

İştirakçı sayı 2000-ə qədər olan imtahanların hamısı elektronlaşdırılıb. Bu il peşəkar mühasib sertifikatı imtahanlarının hamısı elektron formatda keçirildiyi kimi, rezidenturaya qəbul imtahanlarının da bu qaydada təşkil olunması nəzərdə tutulur. Hazırda isə iştirakçı sayı 10 mindən çox olan imtahanların elektronlaşdırılması üzərində işlər aparılır.

Modern.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu prosesdə əsas hədəflərdən biri regionlarda yaşayan namizədlər üçün əlçatanlığı təmin etməkdir: “Bunun üçün təkcə paytaxtda deyil, bölgələrdə də müvafiq şərait qurulmalıdır. Bununla əlaqədar olaraq DİM ilə Elm və Təhsil Nazirliyi arasında birgə iş aparılır.

Müəllimlərin işə qəbul imtahanları üçün nazirliyin müxtəlif regionlarda yaratdığı elektron mərkəzlərdən istifadə edilərək, ilk növbədə Azərbaycan dili (dövlət dili kimi) imtahanı elektronlaşdırılacaq. Rezidentura imtahanı isə bu il Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvanda elektron qaydada keçiriləcək. Beləliklə, əvvəllər regionlarda imkan olmadığı üçün Bakıya gəlməli olan namizədlər artıq imtahanlarını birbaşa yaşadıqları bölgələrdə verə biləcəklər”.

DİM sədri bildirib ki, iştirakçı sayı 100 min olan kütləvi imtahanların elektronlaşdırılması prosesi isə daha çox vaxt aparacaq: “Bu layihə çərçivəsində ilkin olaraq bir neçə regionda sınaq imtahanlarının keçirilməsi planlaşdırılır. Həmin sınaq imtahanlarına VIII sinif şagirdlərinin cəlb edilməsi nəzərdə tutulur. Onlar sistemi əvvəlcədən öyrənərək IX sinif buraxılış imtahanlarında daha rahat iştirak edə biləcəklər. Ümumilikdə bu proses 2-3 il çəkəcək”.(AzərTac)


Mənbə: Modern.az

Bir cavab yazın