Aktual 6 Fevral 2026, 17:55 “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü – FOTO

UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Modern.az xəbər verir ki, səfərin ilk günündə UNEC rektoru, professor Ədalət Muradov, millət vəkili Vüqar Rəhimzadə, elm və innovasiya məsələləri üzrə prorektor Rövnəq Rzayev, professor Mahirə Hüseynova, akademik Muxtar İmanov və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, dosent Etibar Əliyevin təmsil olunduğu nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb. Görüş zamanı UNEC-in elm və təhsilin populyarlaşdırılmasına yönəlmiş təşəbbüsləri barədə ətraflı məlumat verilib. UNEC-in məzunu olan Ceyhun Cəlilov universitetin bu təşəbbüslərini yüksək qiymətləndirib. Görüşdə Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi və elmi inkişafı ilə bağlı tapşırıqları əsasında fikir mübadiləsi aparılıb.

Təşəbbüslər çərçivəsində növbəti görüş Naxçıvan Dövlət Universitetində (NDU) baş tutub. Nümayəndə heyəti universitetin kampusu, mövcud tədris və elmi infrastrukturu ilə yaxından tanış olub. Ziyarət zamanı Naxçıvan İnnovasiya Mərkəzində həyata keçirilən innovativ layihələr, startap təşəbbüsləri və gənclərin elmi-texnoloji inkişafına yönəlmiş fəaliyyətlər təqdim edilib. Həmçinin Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya Mərkəzi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində yerləşən Biotexnologiya Mərkəzi, eləcə də mövcud laboratoriya imkanları və elmi tədqiqat istiqamətləri barədə məlumat verilib. Səfər çərçivəsində Tibb fakültəsinin Sitologiya və Anatomiya kabinələri, Stomatoloji Simulyasiya Mərkəzi də nümayəndə heyətinə təqdim olunub.

Bundan əlavə, nümayəndələr NDU-nun Tələbə yataqxanası, Qonaq evi və Elmi Kitabxanasını ziyarət edərək, tələbələr və qonaqlar üçün yaradılmış sosial-məişət şəraiti və elmi informasiya resursları ilə tanış olublar.

Səfər çərçivəsində NDU-nun professor-müəllim heyəti ilə görüş də keçirilib. Görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığının qorunması və inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

UNEC rektoru, professor Ədalət Muradov elmin populyarlaşdırılması təşəbbüsünün əhəmiyyətindən və bu istiqamətdə NDU ilə əməkdaşlığın vacibliyindən danışıb. Professor Mahirə Hüseynova və akademik Muxtar İmanov Azərbaycan dilinin elmi və ictimai həyatda rolu ilə bağlı fikirlərini bölüşüblər. UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, dosent Etibar Əliyev isə elmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə barədə məlumat verib.

Görüş zamanı ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq, innovasiya yönümlü layihələrin birgə icrası və akademik mübadilə imkanları müzakirə edilib. Tədbirin sonunda UNEC və NDU arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyəti NDU nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbin şagirdləri ilə də görüş keçirib. Görüşün əsas məqsədi məktəblilər arasında elmi düşüncəni təşviq etmək və gəncləri erkən yaşlardan tədqiqatçılığa həvəsləndirmək olub. Çıxış edənlər vurğulayıblar ki, elm uzaq və mürəkkəb bir sahə deyil, gündəlik həyatın ayrılmaz hissəsidir.

Rektor Ədalət Muradov gənclərə müraciət edərək elmlə məşğul olmağın yaş həddi tanımadığını və hər bir gəncin elmə töhfə verə biləcəyini bildirib.

Görüşdən sonra qonaqlar Beynəlxalq Məktəbin infrastrukturu ilə tanış olublar, şagirdlərin laboratoriyalarda apardıqları təcrübələri izləyiblər. Gənc tədqiqatçıların elmi marağı və hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Tədbirin sonunda UNEC tərəfindən məktəbin kitabxanasına elmi-kütləvi və maarifləndirici ədəbiyyatlar hədiyyə edilib.


Mənbə: Modern.az

Bir cavab yazın