Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin – TƏKLİF
İnzibati xəta, yaxud cinayət törədən istənilən şəxs, o cümlədən məktəbli təhsildən daha çox, valideynlərinin və içərisində yer aldığı sosial mühitin “məhsuludur”. Baş verən hadisənin daha geniş və bütün məqamlar nəzərə alınaraq dəyərləndirilməsi, şübhəsiz ki, araşdırmaların nəticəsi tam aydın olduqdan sonra mümkündür. İndiki halda baş verən hadisədən yüksək göstəriciləriylə fərqlənən “İdrak” liseyinin və bütövlükdə təhsil sisteminin hədəfə alınmasını da yanlış yanaşma hesab edirəm.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli bu səhər “İdrak” liseyində baş verən silahlı insidentkə bağlı danışarkən bildirib.
Deputat qeyd edib ki, bu kimi hadisələr istənilən məkanda baş verə bilər və heç kim bundan sığortalanmayıb. Təhsilin hədəfə alınması isə anti-təhsilin, elmsizliyin, cəhalətin, cinayət xarakterli davranışların önə çıxmasına zəmin yaradır. Bu kimi hallar təhlükəsizliklə yanaşı, başqa bir mühüm, bəlkə də təhsil sistemi üçün həyati əhəmiyyət kəsb edən məsələnin müzakirəyə çıxarılmasını zəruri edir.
“Problem ondadır ki, hazırda idarəçilik modelindən asılı olmayaraq, məktəblərin şagirdlərə hər hansı bir formada təsir göstərmək səlahiyyətləri yoxdur. Biz şagird və valideynlərinin hüquqlarını ifrat dərəcədə qabartdıqca, baş verən istənilən neqativ hadisəyə görə məktəbi, təhsili hədəfə aldıqca cəzasızlıq mühiti daha da dərinləşir və belə bir vəziyyətdə şagirdə təsir göstərmək üçün heç bir hüquqi mexanizmi olmayan təhsil müəssisələrini tamamilə müdafiəsiz qoyuruq. Əgər məktəbin həyətinə daxil olan istənilən şəxs, o cümlədən şagird yoxlamaya məruz qalarsa, ona münasibətdə hüquqi addımların atılması zərurətə çevrilərsə, “Tik-tok xalqı”nın təmsilçilərinin buna necə reaksiya verəcəklərini təsəvvür edin” – deyə o bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, ilk növbədə “şagird hüquqları” anlayışının birtərəfli şərhinə son qoyulmalıdır:
“Bu yanaşma təhsil sistemində şagird hüquqları ilə məktəbin intizam səlahiyyətləri arasındakı hüquqi balansı kobud şəkildə pozur. Qənaətimə görə, mövcud qanunvericilik şagirdin hüquqlarını geniş şəkildə qorusa da, məktəbin və müəllimin təhlükəsiz, nizamlı və təlim üçün əlverişli mühit yaratmaq hüquqlarını aydın və tətbiq edilə bilən mexanizmlərlə təmin etmir.
Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə şagird hüquqları yüksək səviyyədə qorunmaqla yanaşı, məktəblərin intizam və tərbiyə funksiyası da güclü hüquqi əsaslara malikdir. Bu baxımdan, hesab edirəm ki, ölkəmizdə də bu xüsusda bir sıra hüquqi və institusional dəyişikliklərin edilməsi məqsədəuyğundur”.
“Qənaətimə görə, ilk növbədə məktəbin təhlükəsiz təhsil mühiti yaratmaq hüququ qanunvericilikdə imperativ şəkildə təsbit olunmalıdır. Yəni müvafiq qanunvericilik aktlarında qeyd olunmalıdır ki, məktəb yalnız təhsil verən deyil, həm də təhlükəsiz, nizamlı və psixoloji cəhətdən sağlam təhsil mühiti yaradan hüquqi subyektdir və bu məqsədlə şagird davranışına müdaxilə etmək səlahiyyətinə malikdir. Belə bir normanın tətbiqi məktəbin digər şagirdlərin hüquqlarının qorunması kimi hüququnu əsaslandıracaq. Eyni zamanda hesab edirəm ki, hər məktəbdə hüquqi qüvvəyə malik olan “Davranış Kodeksi” hazırlanmalı və şagird, valideyn, məktəb rəhbərliyi tərəfindən imzalanmalıdır. Bu sənəddə pozuntu növləri, intizam tədbirləri və onların tətbiqi prosedurları, valideynlərin məsuliyyəti açıq şəkildə göstərilməlidir” – o qeyd edib.
Deputat bildirib ki, məktəbə müəllimə hörmətsizlik, dərs prosesinin pozulması, aqressiv davranış, davamlı intizamsızlıq zamanı şagirdi 1-5 gün müddətinə dərsdən uzaqlaşdırmaq hüququ verilməlidir. Bu müddətdə şagirdin dərs materialları valideyn vasitəsilə təmin oluna bilər. Bu tədbir təhsil hüququnun pozulması kimi qiymətləndirilməməlidir.

Qanunvericilikdə müəllimin dərs prosesini pozan şagirdi dərhal dərsdən çıxarmaq və məktəb administrasiyasına təhvil vermək hüququ aydın təsbit olunmalıdır:
“Məktəblərdə pozucu şagirdin dərs mühitindən müvəqqəti ayrılması üçün nəzarət edilən xüsusi otaqlar yaradılmalıdır. Məqsəd cəza yox, digər şagirdlərin hüquqlarını qorumaq və pozucu şəxsin davranışı üzərində düşünməsini təmin etməkdir. Qanunvericilikdə müəllimin dərs prosesini pozan şagirdi dərhal dərsdən çıxarmaq və məktəb administrasiyasına təhvil vermək hüququ aydın təsbit olunmalıdır. Bu, müəllimin peşə toxunulmazlığı kimi qəbul edilməlidir. Şagird tərəfindən intizam pozuntusu olduqda valideynin məktəbə məcburi çağırılması mexanizmi tətbiq edilməlidir. Valideyn üzrsüz səbəbdən gəlmədikdə bu barədə yerli icra və sosial xidmət orqanlarına məlumat verilməsi normativləşdirilməlidir. Şagirdin davranışı ayrıca meyar kimi qiymətləndirilməli və bu xarakteristikada, məktəbdən məktəbə keçiddə, ali təhsil müəssisələrinə müraciətdə nəzərə alınmalıdır”.
E. Mirzəbəyli məktəbə əsaslı şübhə olduqda şagirdin çantasına nəzarət, telefonun dərs vaxtı müsadirəsi, qadağan olunmuş əşyaların götürülməsi hüquqları verilməlidir. Bu, məktəb təhlükəsizliyinin zəruri elementi kimi tanınmalı olduğunu qeyd edib.
“Təkrar və ağır intizam pozuntuları zamanı şagirdin xüsusi nəzarətli təhsil müəssisəsinə keçirilməsi mexanizmi yaradılmalıdır. İntizam məsələləri yalnız inzibati yox, psixoloji və sosial mexanizmlərlə də müşayiət olunmalıdır. Bu səbəbdən məktəblərdə psixoloq və sosial işçi real funksional status almalıdır. Bütövlükdə isə, şagird hüquqlarının qorunması məktəbin zəiflədilməsi hesabına baş verməməlidir. Əksinə, məktəb güclü hüquqi alətlərlə təmin olunmadıqca müəllim nüfuzu zəifləyir, təhsil mühiti pozulur, digər şagirdlərin hüquqları tapdanır. Yalnız məktəbi hüquqi cəhətdən gücləndirməklə sağlam təhsil mühitini qorumaq mümkündür” – o sonda qeyd edib.
Mənbə: Modern.az
