Aktual 14 Fevral 2026, 10:36 Azərbaycan Televiziyası xalqımızın milli sərvəti kimi qiymətləndirilməlidir
Bu gün Azərbaycanda Televiziyanın yaranmasından 70 il ötür. Bu illər ərzində Azərbaycan televiziya kanalları böyük inkişaf yolu keçərək ən müasir texniki avadanlılarla təmin edilmiş və müasir standartlara uyğunlaşmışdır. Hazırda Azərbaycan Televiziyası yeni televiziya qüllələri, rəqəmsal yayım və peyk yayımı ilə geniş izləyici auditoriyasına sahib olub. AzTV-nin rəqəmsal TV yayımı, Mədəniyyət TV-nin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması kimi uğurları bu inkişafın təcəssümüdür. Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 70 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.
Azərbaycan Televiziyası təkcə informasiya vasitəsi deyil, həm də xalqımızın tarixi yaddaşı, mədəniyyətimizin güzgüsü, milli kimliyimizin canlı daşıyıcısıdır. Teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasına çevrilib və ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini olduğu kimi təqdim edir.
Televiziya yarandığı ilk gündən etibarən cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin, mədəni irsimizin qorunmasında və təbliğində mühüm rol oynamışdır. Xüsusilə, sovet dövründə Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin, teatr və kino sənətinin geniş auditoriyaya çatdırılmasında televiziya əvəzsiz tribuna olmuşdur. Müstəqillik illərində isə Azərbaycan Televiziyası dövlətçiliyin möhkəmləndirilməsində, azərbaycançılıq ideyasının, milli maraqların beynəlxalq aləmdə təbliğində və müdafiəsində mühüm informasiya platformasına çevrilmişdir. Ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrin operativ və obyektiv şəkildə işıqlandırılması, dövlət quruculuğu prosesinin, milli mədəni irsimizin, adət-ənənələrimizin qorunması və sosial islahatların cəmiyyətə çatdırılması televiziya vasitəsilə həyata keçirilmişdir.
Azərbaycanın haqq-ədalət, sülh tərəfdarı olması, erməni vandalizminin, bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibətlərin, ikili standartların, Qarabağ həqiqətlərinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasında, Vətən müharibəsi dövründə xalqın ruh yüksəkliyinin qorunmasında və milli birliyin möhkəmləndirilməsində televiziya xüsusi rol oynamışdır. Ən əsas məqamlardan biri də Azərbaycan Televiziyasının ana dilimizin- Azərbaycan dilinin qorunması, saflığının təmin edilməsi, milli-mənəvi idealların təbliğindəki rolu xüsusi qeyd edilməlidir. Bütün bu işlərdə Azərbaycan Televiziyası cəmiyyətin mənəvi dayaq nöqtələrindən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründən başlanan müstəqil dövlət quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması, bu istiqamətdə ardıcıl həyata keçirilən uğurlu islahatlar, bir-birni əvəz edən qələbələr, ən əsası Ermənistan üzərində qazanılan tarixi Qələbəmiz Azərbaycan Televiziyasının gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır. Bu televiziya öz milli kimliyini qoruyaraq müasir tələblərə uyğunlaşmağı bacarmışdır. Məhz bütün bunlara görə də Azərbaycan Televiziyası xalqımızın milli sərvəti kimi qiymətləndirilməli, qorunmalı və daim inkişaf etdirilməlidir.
2026-cı ildə Azərbaycan Televiziyasının 70, Azərbaycan Radiosunun 100, Beynəlxalq Radionun 85 illik yubileyləri qeyd ediləcək. Bu münasibətlə bütün televiziya və radio işçilərini səmimi qəlbdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, “Şöhrət” ordenli
Mənbə: Modern.az
