Azərbaycanın avtomobil bazarında kəskin dönüş 

Bir vaxtlar avtomobillərin çoxluğundan addım atmağa yer olmayan Bakı Gömrük Terminalının dayanacağı indi sözün həqiqi mənasında boş qalıb.

Modern.az xəbər verir ki, ötən ilin sonunadək davam edən böyük “idxal bumu” artıq yerini sükuta verib. Bu kəskin dəyişikliyin əsas səbəbi 2026-cı ildən etibarən avtomobil idxalına tətbiq edilən gömrük və vergi güzəştlərinin müddətinin başa çatmasıdır.

Hazırda nəinki fərdi alıcılar, hətta iri avtomobil dilerləri belə ölkəyə yeni nəqliyyat vasitələri gətirməyə tələsmirlər. İqtisadçılar bildirirlər ki, bu boşluq gözlənilən idi. Çünki ötən ilin son aylarında həm şirkətlər, həm də vətəndaşlar sanki növbəti bir neçə ilin tələbatını qısa müddətdə qarşılamağa çalışıblar.

İqtisadçı Xalid Kərimli qeyd edir ki, 2025-ci ilin sonunda bitən “güzəşt bumu” bazarda süni doyma yaradıb:

“Yeni maşınlar üçün vergi güzəştlərinin ləğvi alıcıların marağını yenidən alternativlərə yönəldir. Əgər əvvəllər hamı daha yeni və hibrid modellərə üstünlük verirdisə, indi ikinci əl bazarında canlanma proqnozlaşdırılır. Bu isə öz növbəsində qiymətlərə də təsirsiz ötüşmür”.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov da idxalın azalmasının müxtəlif səbəblərinin olduğunu bildirib. Ekspertlərin ümumi rəyinə görə, 2026-cı il həm alıcılar, həm də satıcılar üçün bir növ “adaptasiya dövrü” kimi yadda qalacaq. Mövcud durğunluğun müvəqqəti olduğu və 2027-ci ildən etibarən idxal rəqəmlərinin yenidən stabilləşəcəyi gözlənilir. (Xəzər TV)


Mənbə: Modern.az

Bir cavab yazın