Çay plantasiyaları azalır, hədəflər kağız üzərində qalır – uyğunsuzluq

2018-2027-ci illəri əhatə edən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası davam etsə də, Dövlət proqramlarının icrası (Proqram 7) çərçivəsində 2027-ci il üçün vəsait proqnozlaşdırılmayıb. 

Modern.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir. 

Palatanın “Dövlət auditi” jurnalının 3-cü buraxılışının təhlilində bildirilir ki, 2019-cu ildə 1100 hektar olan çay plantasiyalarının sahəsi 2024-cü ilin faktiki göstəricilərinə əsasən 900 hektara enib. 2026-cı ildə plantasiyaların sahəsinin 975 hektara, məhsul istehsalının isə 1126 tona çatdırılması hədəflənir. Bu göstəricilər Dövlət Proqramında nəzərdə tutulan 3000 hektar əkin sahəsi və 8,5 min ton istehsal hədəfi ilə müqayisədə xeyli aşağıdır.

Bəzi tədbirlər üzrə müəyyən edilmiş indikatorlar nəticələrin qiymətləndirilməsinə imkan vermir. Belə ki, 2026-cı il üçün sertifikatlaşdırılmış dənli taxıl bitkiləri üzrə 100 min ton, texniki bitkilər üzrə 2555 ton, kartof toxumu üzrə isə 98 ton istehsal proqnozlaşdırılıb. Bu həcmdə istehsalın tələbatdan kəskin şəkildə az olduğu bildirilir. Eyni zamanda, Dövlət Toxum Fondu vasitəsilə satılan toxumun həcminin 180 tondan 100 tona endirilməsi proqnozu əkinlərin əsasən idxal və ya sinifsiz toxum hesabına aparılacağını göstərir. Ekspertlər subsidiya məbləği əvəzinə subsidiyalaşdırılan toxumun faktiki miqdarının indikator kimi müəyyən edilməsini daha məqsədəuyğun hesab edirlər.

Bir sıra tədbirlər üzrə vəsait nəzərdə tutulsa da, nəticə göstəriciləri müəyyən edilməyib. Məsələn, “Qızılbalıqkimilərin balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması” tədbiri üzrə 2025-ci il üçün 97,3 min manat, 2027-ci il üçün isə 214,2 min manat vəsait proqnozlaşdırılıb. Lakin “buraxılmış qızılbalıq körpələrinin sayı” indikatoru üzrə konkret hədəf göstərilməyib.

Məlumata görə, bəzi hallarda indikatorlarla ayrılan vəsait arasında uyğunsuzluq müşahidə olunur. 2025-ci il üçün 305,8 min ton səviyyəsində gözlənilən pambıq istehsalının 2026-cı ildə 1400 ton artırılaraq proqnozlaşdırılmasına baxmayaraq, subsidiya məbləği 3,2 milyon manat azaldılaraq 58,8 milyon manat müəyyən edilib.

İstehsal fəaliyyəti dayandırılmış və özəlləşdirməyə açıq balıqartırma zavodlarının saxlanılması xərclərinin 2026-cı ildə 6 dəfə artırılaraq 394,8 min manata çatdırılması proqnozlaşdırılıb. Özəlləşdiriləcək müəssisələrin sayı indikator kimi göstərilsə də, 2026-cı il üzrə konkret rəqəm qeyd edilməyib, 2027-ci il üçün isə yalnız bir müəssisənin özəlləşdirilməsi nəzərdə tutulub. Qeyd olunur ki, ETSN-in tabeliyində olduğu dövrdə fəaliyyəti dayandırılmış belə zavodlardan ikisinin fəaliyyətinin bərpası planlaşdırılıb.

Bundan əlavə, 2026-cı ildə yaş barama istehsalının 12,9 faiz azalaraq 200 tona düşəcəyi proqnozlaşdırıldığı halda, baramaqurutma məntəqələrində qurudulacaq məhsulun həcmi 250 ton olaraq müəyyən edilib. Bu isə istehsal və emal göstəriciləri arasında ziddiyyət yaradır.


Mənbə: Modern.az

Bir cavab yazın