Hesablama Palatası təhsilə aid uyğunsuzluqlar aşkarladı

Hesablama Palatası 2026-2029-cu illəri əhatə edən büdcə planlaşdırması çərçivəsində Elm və Təhsil Nazirliyinin müvafiq bölməsi üzrə təqdim etdiyi məlumatları təhlil edib. Təhlillər nəticəsində bir sıra indikatorlarla nəzərdə tutulan vəsaitlər arasında uyğunsuzluqlar müəyyən edilib.

Modern.az-ın Hesablama Palatasına istinadən verdiyi məlumata görə, 2026-2029-cu illərdə bölmə üzrə 8 proqramın icrası proqnozlaşdırılır. Lakin bəzi tədbirlər üzrə göstəricilərin artımı ilə maliyyə təminatı arasında uyğunluq müşahidə olunmur.

Belə ki, “Ümumi təhsildə təmayüllərin, peşə təmayüllü siniflərin, inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi” tədbiri üzrə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin çəkisinin 2026-cı ildə 2 faiz, sonrakı üç ildə isə hər il əlavə 2 faiz artırılması nəzərdə tutulsa da, həmin tədbir üzrə vəsait artımı planlaşdırılmayıb.

Bundan başqa, bəzi tədbirlər üzrə indikatorların dinamikasında uyğunsuzluq qeydə alınıb. “Məktəbəhazırlıq qruplarının sayı” indikatoru üzrə artım nəzərdə tutulmadığı halda, “Məktəbəhazırlıq təhsilinə cəlb edilmiş təhsilverənlərin sayı”nın 2025-ci ilə nisbətən sonrakı illərdə 170 nəfər artırılması planlaşdırılır. Bu isə qrup/müəllim nisbətinin 1-dən 1,03-ə yüksəlməsinə səbəb olacaq.

Eyni zamanda, bəzi göstəricilər üzrə Qanun layihəsinə dair İzahatla büdcə planı arasında fərqlər müəyyən edilib. “Uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsi” tədbiri üzrə hədəf büdcə sənədində 12 min nəfər göstərildiyi halda, İzahatda 11 min nəfər qeyd olunub.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə isə hədəf 280 nəfər göstərilsə də, İzahat sənədində bu rəqəm 100 nəfər kimi təqdim edilib.


Mənbə: Modern.az

Bir cavab yazın