İkinci cəhd magistratura imtahanı asan olacaq – AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının esse istisna digər tapşırıqlar üzrə nəticələrini elan edib. Bakalavrlar isə imtahan suallarının çətinliyindən narazılıq edirlər.
Modern.az-a açıqlama verən təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev hesab edir ki, Dövlət İmtahan Mərkəzi magistratura imtahanında ilk növbədə format dəyişikliyinə getməlidir.
Onun fikrincə, mövcud imtahan modeli magistraturanın mahiyyətinə uyğun deyil və xüsusilə humanitar ixtisaslar üzrə təhsil alanların akademik inkişafına ciddi maneə yaradır.
“Hazırkı modeldə magistratura imtahanı riyaziyyat-məntiq, informatika və xarici dil komponentləri üzərində qurulub. Halbuki humanitar sahələri bitirən məzunlar bu istiqamətləri zəif bildikləri üçün məhz həmin səbəbdən tarix, filologiya, sosiologiya, psixologiya kimi ixtisasları seçiblər. Bu halda həmin şəxslərin magistratura pilləsində öz ixtisasları üzrə imtahan verməməsi məntiqsiz və ədalətsiz yanaşmadır”.
Ramin Nurəliyev vurğulayır ki, magistratura peşə və ya karyera pilləsi deyil, akademik karyeranın başlanğıcıdır. Gələcəkdə elmlər doktoru olmaq istəyən bir tarixçi və ya filoloqun magistratura imtahanında öz ixtisasından sual görməməsi sistemli problemdir. Məhz bu səbəbdən humanitar ixtisas məzunlarının böyük əksəriyyəti magistratura imtahanından çəkinir və iştirak etmir.
Ekspert statistik göstəricilərə də diqqət çəkir. Onun sözlərinə görə, bu il magistratura imtahanına 23 min nəfər qeydiyyatdan keçib, dövlət isə 17 min plan yeri ayırıb. Bu 23 min nəfərin ən azı 4-5 mininin müsabiqə şərtlərini ödəməyəcəyi əvvəlcədən bəllidir. Digər tərəfdən, ixtisas sıxlığı və səhv seçimlər səbəbindən əlavə 2 minə yaxın namizəd də qəbul oluna bilmir. Nəticədə hər il minlərlə plan yeri boş qalır.
“Keçən il magistratura üzrə təxminən 3 min boş yerin qalması bu problemin təsadüfi yox, sistemli xarakter daşıdığını göstərir. Halbuki hər il ali təhsil müəssisələrini 60 mindən çox məzun bitirir. Bu məzunların yalnız yarısının magistratura imtahanına müraciət etməsi, ciddi siqnaldır və mövcud imtahan modelinin cəlbedici olmadığını sübut edir”.
Ekspert əlavə edir ki, məsələ yalnız sualların çətinliyi ilə bağlı deyil. Əgər imtahan həddən artıq çətin olarsa, müsabiqə şərtlərini ödəyənlərin sayı azalacaq və Dövlət İmtahan Mərkəzi növbəti, ikinci cəhd imtahanını məcburən asanlaşdırmalı olacaq. Çünki dövlətin ayırdığı plan yerləri dolmalıdır. Onun fikrincə, sağlam və rəqabətli seçim üçün ən azı 20 min namizəd müsabiqəyə buraxılmalıdır:
“Ən azı 20 min nəfər müsabiqəyə buraxılmalıdır ki, 17 min yer üzərində mübarizə aparsınlar. Dövlət İmtahan Mərkəzi növbəti ikinci qəbul imtahanını asanlaşdırmağa məcbur qalacaq. DİM keçənilki imtahanla müqayisədə bu il sualların çətin olub-olmadığı barədə yaxınlarda məlumat verəcək. Əgər imtahanın çətin keçdiyi təsdiqlənsə, bu, növbəti imtahanın asan olmasını tələb edir. DİM düzgün analiz apararsa, növbəti imtahanı asan salmalıdır” – o sonda qeyd edib.
Mənbə: Modern.az
