Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu ixtisasların balı artacaq
Magistratura imtahanlarının 1-ci cəhdinin test tapşırıqları üzrə nəticələri artıq elan olunub. Bu, təbii olaraq bu ildə bakalavrlar arasında geniş müzakirələrə səbəb olub. Hər il olduğu kimi, builki nəticələr də həm ümumi mənzərə, eləcə də ixtisaslar üzrə formalaşacaq keçid balları baxımından maraq doğurur. Bundan əlavə, iştirakçıların topladıqları ballar, imtahanın çətinlik səviyyəsi və rəqabət mühiti nəzərə alınaraq, hazırkı vəziyyətin necə qiymətləndirildiyi də xüsusi diqqət mərkəzindədir.
Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi ötən illə müqayisədə builki imtahanların ümumi mənzərəsini belə şərh edib:
“Cari il imtahanda məntiq bölməsində riyazi-məntiq suallarına daha çox yer verilməsi xüsusilə humanitar yönümlü ixtisaslarda təhsil alan bakalavrların nəticələrinə müəyyən qədər təsir göstərib. Riyazi təfəkkürü daha güclü olan texniki və iqtisadi ixtisas məzunlarının isə ümumi nəticələri nisbətən daha yüksək olub”.
Ekspertin sözlərinə görə, ötən illə müqayisədə bu il həm iştirakçı sayı artmaqla yanaşı, eyni zamanda uğurlu nəticə göstərənlərin sayı da çoxalıb:
“Müşahidələr onu deməyə əsas verir ki, ümumilikdə yüksək nəticə göstərənlərin əksəriyyəti iqtisadiyyat və texniki ixtisaslar üzrə təhsil alan bakalavrlardır. Bu il keçid ballarında müəyyən artım gözlənilir. Xüsusilə MBA proqramlarında artımın bir-iki bal olacağı ehtimal edilir. Humanitar yönümlü ixtisaslarda isə yekun nəticələrdən asılı olaraq bir-iki ballıq fərq yarana bilər”.
E.Əfəndi onu da əlavə edib ki, hazırda əsas diqqət ikinci cəhd imtahanına yönəlib:
“Ehtimal olunur ki, ikinci mərhələdə nəticələr daha da yaxşılaşa bilər. Ümid edirik ki, növbəti imtahanda riyazi-məntiq sualları hazırlanarkən bütün ixtisaslar üzrə məzunların hazırlıq səviyyəsi nəzərə alınacaq və suallar balanslı şəkildə tərtib ediləcək. Çünki riyazi-məntiq bölməsi humanitar yönümlü ixtisas sahibləri üçün daha çox çətinlik yaradır”, – deyə ekspert bildirib.
Mənbə: Modern.az
