Magistratura imtahanında yüksək bal toplayan gənclərin UĞUR SİRRİ

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli olmaqla ümumilikdə 95 tapşırıq üzrə nəticələri ötən gün elan olunub.

91 balla yüksək nəticə göstərərək ölkə birincisi adına layiq görülən tələbələr Elvina Əliyeva və Zahid Abdullayev olublar.

Modern.az saytı müvəffəqiyyət göstərən tələbələrin hər ikisi ilə həmsöhbət olub, onların uğur hekayələriylə bağlı təəssüratlarını öyrənib.

Saytımıza açıqlamasında Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisası üzrə tələbəsi Elvina Əliyeva uğurunun əsas sirrinin sistemli hazırlıq və davamlı hazırlıq olduğunu bildirib.

“Mən heç vaxt təkcə “çox oxumağa” güvənməmişəm, daha çox düzgün planla, doğru strategiya ilə irəliləmişəm. Özümə konkret qaydalar qoymuşdum, hər gün müəyyən saatlar hazırlıq, mütləq təkrar, səhvlərin analizi və zəif yerlərin üzərində məqsədli işləmək…Bunlarla yanaşı təbiiki də motivasiya çox önəmli idi mənim üçün. Bu müddət ərzində hər zaman müəllimlərimdən, ailəmdən və kolleqalarımdan davamlı dəstək alırdım”.

Həmsöhbətimizin sözlərinə görə, imtahan onun üçün həyəcanlı keçib:

 “Ümumilikdə imtahan məncə nə çox asan nə də çox çətin idi, düzünü desəm, diqqətsizlik səhvlərim də oldu. Vaxtaparan suallar var idi bəli, amma əvvəlcədən çox test işlədiyimə görə vaxtı düzgün bölüşdürməyi öyrənmişdim. Buna görə də vaxt cəhətdən bir problemim olmadı. Fənnlərə gəldikdə ingilis dilindən əvvəlcədən bazam olduğu üçün bu fənn mənə rahat gəldi, lakin məntiq və informatika bir o qədər çətin idi, çünki xüsusi diqqət tələb edirdi”.

E.Əliyeva həmçinin özünə və çəkdiyi əziyyətə güvəndiyini də söyləyib:

“Respublika birincisi olacağımı tam əminliklə hiss etdiyimi deməzdim, çünki əvvəlcədən heç kim bunun qarantiyasını verə bilməz.

İndi bu duyğunu yaşamaq isə çox fərqlidir, bir tərəfdən qürur, digər tərəfdən məsuliyyət hiss edirəm. Çünki bu nəticə təkcə mənim üçün deyil, mənə inanıb dəstək olanlar üçün də sevincdir. Eyni zamanda mənə göstərir ki, zəhmət həqiqətən də qarşılığını verir”.

Respublika birincisinin fikrincə, hər kəsin hazırlaşma metodu özünə uyğun və fərqli olmalıdır:

“Mənim üçün bu planlı yanaşma olmuşdur, hər gün hansı fənndən nə oxuyacağımı əvvəlcədən qeyd edirdim. Bundan əlavə davamlı təkrar etmək mənə çox faydalı oldu. Müəllimlərim və aylıq sınaq imtahanları nəticəsində bu nəticəni əldə etdiyimi düşünürəm.

Xaricdə təhsillə bağlı isə onu deyə bilərəm ki, ölkə xaricində təhsil almaq planım yoxdur. Magistraturanı Azərbaycanda elə öz sahəmdə İnformasiya Təhlükəsizliyi sahəsində hazırki universitetimdə Bakı Ali Neft Məktəbində davam etdirməyi düşünürəm.

Gənclərə ən əsas tövsiyəm budur ki, özünüzlə yarışın, başqası ilə yox. Hər kəsin şəraiti, tempi, imkanları fərqlidir. Əsas olan, hər gün bir az da olsa irəliləməkdir. Və əlavə olaraq məncə sistemli olmaqdır. Motivasiyanı bəzən itirə bilərsiniz, ruhdan düşə bilərsiniz, amma nizamlı şəkildə oxumaq öz bəhrəsini verəcəkdir. Və son olaraq özünüzə inanın. Nəticə gözəldir, amma nəticəni yaradan gündəlik zəhmətdir”, – deyə E.Əliyeva qeyd edib.

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasının tələbəsi Zahid Abdullayev isə saytımıza açıqlamasında abituriyent vaxtı da yüksək nəticə əldə etdiyini – 671 bal topladığını deyib:

“Bu yüksək göstərici olsa da, qəbul olunduğum Bakı Ali Neft Məktəbi üçün demək olar ki, standart nəticə idi. Çünki orada təhsil alan tələbələrin əksəriyyəti məktəb illərində yüksək nailiyyətlər qazanmış, birinciliyə alışmış gənclər idi. Bu mühit insanı istər-istəməz daim inkişaf etməyə sövq edir. Ətrafındakı hər kəs güclü olanda sən də öz üzərində daha çox işləməyə başlayırsan. Tələbələr arasında sağlam rəqabət formalaşır, hər kəs həm digərləri ilə, eləcə də özü ilə yarışır. Mənim tələbəlik illərim də bu şəkildə keçdi. Yoldaşlarımdan çox şey öyrəndim, eyni zamanda öz bilik və təcrübəmlə onlara da nələrsə qatmağa çalışdım”.

Müsahibimizin sözlərinə görə, magistratura imtahanında da bu yanaşma öz nəticəsini göstərib:

Vurğulamaq istərdim ki, müəllim heyəti, dərs materialları və fərdi yanaşma mənim üçün kifayət qədər effektiv oldu. Nəticələrim də onu göstərdi ki, imtahanı ortalamanın üzərində vermişəm. Açığı, imtahanda sualların səviyyəsini çətin hesab etməzdim. Əsas məsələ vaxt amili idi. Xüsusilə məntiq bölməsində vaxt aparan tapşırıqlar çox idi və düşünürəm ki, əksər abituriyentlər üçün əsas çətinlik də bu olub. Yəni suallar da mürəkkəb deyil, sadəcə zaman tələb edirdi”.

Zahid Abdullayev digər yüksək müvəfəqqiyyət göstəricisi əldə edən Elvina Əliyevadan fərqli olaraq, imtahan zamanı xüsusi həyəcan keçirmədiyini söyləyib:

“Çünki ali məktəbdə davamlı olaraq çətin imtahanlardan keçmək artıq bir vərdişə çevrilmişdi. Mən sadəcə sualları həll etməyə fokuslanmışdım. Yüksək nəticə gözləyirdim, çünki çəkdiyim zəhmətin qarşılığını alacağıma inanırdım. Amma birinci olacağım iddiası ilə imtahana getməmişdim. Birincilik mənim üçün əlavə və gözlənilməz sevinc oldu. Hazırda isə bu uğurla bağlı ən çox hiss etdiyim duyğu qürur və məsuliyyətdir”.

Müsahibimiz eyni zamanda hazırlıq prosesində xüsusi metodunun olduğunu da qeyd edib:

“Zəif olduğum mövzular üzərində daha çox işləyirdim. Bundan əlavə, imtahana hazırlaşarkən daim bir partnyorla birlikdə çalışırdım. Birgə hazırlıq həm motivasiyanı artırır, həm də biliklərin möhkəmlənməsinə ciddi təsir göstərir. Artıq neçə imtahandır ki, bu üsuldan istifadə edirəm və nəticəsini də görürəm”.

Z.Abdullayev həmçinin xaricdə təhsil almaq barədə də düşündüyünü və bir neçə ölkəyə müraciət etdiyini də bildirib.

“Hətta Azərbaycan-Çin hökumətlərarası təqaüd proqramının qaliblərindən biri olmuşam. Əsas seçimlərimdən biri Çində yerləşən “Zhejiang University”- dir. Elektrik və elektronika mühəndisliyi üzrə dünyanın aparıcı universitetlərindən biridir və artıq orada bir professorla ünsiyyətdəyəm. Bununla yanaşı, digər ölkələrdə müraciət etdiyim proqramların nəticələrini də gözləyirəm.

Əgər ölkədə qalmalı olsam, yenə də əsas seçimim Bakı Ali Neft Məktəbi olacaq. Sonda gənclərə tövsiyəm budur ki, məqsədli olun. Məqsədiniz konkret və aydın olarsa, yorulduğunuz anlarda belə sizə davam etmək gücü verəcək. Zəhmət qarşılıqsız qalmır”, – o deyib.


Mənbə: Modern.az

Bir cavab yazın