Tələbə kreditlərinə müraciətlər artıb: qızlar çoxdur

2025-2026-cı tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət prosesi 1 fevral tarixindən etibarən başlayıb.

Modern.az xəbər verir ki, Azedu.az-a açıqlama verən Təhsil Tələbə Krediti Fondunun mətbuat katibi Gülnar Zeynalova bildirib ki, kredit alan tələbələr arasında qadınların say üstünlüyü diqqət çəkir. Belə ki, rəsmiləşdirilmiş 3027 kredit müqaviləsindən 2026-sı qadın, 1001-i isə kişi tələbələrin payına düşür. Bu göstərici qadın tələbələrin təhsil tələbə kreditlərinə müraciət və rəsmiləşdirmə prosesində daha fəal iştirak etdiyini göstərir.

“Təhsil tələbə kreditlərinə cari ilin yaz semestri üzrə müraciətlərin qəbulu semestrin sonunadək davam edəcək. Müraciətlərin elan olunduğu gündən bu günə qədər Fonda məxsus e-ttkf.edu.az elektron portalı üzərindən ümumilikdə 5613 müraciət daxil olub. Qısa müddət ərzində daxil olan müraciətlərdən 3027 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib. Bu isə ümumi müraciətlərin təxminən 54 faizinin müqavilə mərhələsinə keçdiyini göstərir.

Rəsmiləşdirilən kreditlər növlərinə görə iki istiqamət üzrə bölünür. Onlardan 974-ü sosial növ təhsil tələbə krediti, 2053-ü isə standart növ təhsil tələbə kreditidir”.

Qeyd edək ki, yaz semestri üzrə müraciətlərin qəbulu artan dinamika ilə davam edir və tələbələr semestrin sonunadək elektron portal vasitəsilə müraciətlərini edə bilərlər.


Mənbə: Modern.az

Bir cavab yazın