Bu hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür

Cənubi Qafqaz regionunda həssas geosiyasi vəziyyətin hökm sürdüyü bir dövrdə Azərbaycan ərazisinə qarşı həyata keçirilən təxribat regional sabitliyə ciddi təhlükə yaradır. Xüsusilə də mülki infrastrukturu hədəf alan hücumlar beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması olmaqla yanaşı, həm də dövlətlərarası münasibətlərdə məsuliyyətsiz və təhlükəli yanaşmanın göstəricisidir.

Moden.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputatın sözlərinə görə İran İslam Respublikası ərazisindən həyata keçirilən və Naxçıvan istiqamətində baş vermiş dron hücumu məhz bu qəbildən olan təxribat kimi qətiyyətlə pislənilməlidir:

“Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin uzun illərdir nümayiş etdirdiyi riyakarlığın, ikiüzlü siyasətin və regionda gərginlik yaratmağa hesablanmış davranışların növbəti təzahürüdür.

Xüsusilə diqqət çəkən məqam odur ki, hücumun hədəfi mülki obyekt – vətəndaşların istifadə etdiyi hava limanı və mülki infrastruktur olub. Mülki obyektlərə qarşı dron hücumu təşkil etmək hərbi və siyasi baxımdan heç bir əsaslandırması olmayan, yalnız acizlik və qorxaqlıqdan qaynaqlanan addımdır. Bu cür davranış dövlətlərarası münasibətlərə xas olan məsuliyyətli yanaşma ilə qətiyyən uzlaşmır və faktiki olaraq dinc əhaliyə qarşı yönəlmiş terror aktı kimi qiymətləndirilməlidir”.

Millət vəkili bildirib ki, Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn əsas prinsiplərinə – dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına ziddir:

“Belə addımlar regionda onsuz da həssas olan təhlükəsizlik balansını pozur və gərginliyin süni şəkildə artırılmasına xidmət edir. Bu baxımdan İran İslam Respublikası qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, rəsmi izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Bütün bunların fonunda Azərbaycanın mövqeyi hər zaman aydın və prinsipial olub. Azərbaycan dövləti daim mehriban qonşuluq siyasətinə sadiq qalıb, öz ərazisindən heç vaxt İran və ya hər hansı başqa ölkə üçün təhlükə mənbəyi yaratmayıb. Əksinə, Azərbaycan çətin məqamlarda qonşularına dəstək göstərmək ənənəsinə sadiq qalıb. Bunun ən bariz nümunələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevin İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verməsi və İran səfirliyini ziyarət etməsidir”.

Azər Kərimlinin sözlərinə görə Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub:

“Hətta mövcud şəraitdə belə Azərbaycanın İrana humanitar yardım göndərməsi məsələsinin gündəmdə olması ölkəmizin humanist və məsuliyyətli siyasətinin göstəricisidir. Lakin bu cür xoş niyyətli addımların fonunda İran tərəfinin Naxçıvanda mülki obyektləri hədəf alması siyasi və mənəvi baxımdan izahı mümkün olmayan davranışdır.

Eyni zamanda, İran hakimiyyətinin uzun illərdir öz ərazisində yaşayan milyonlarla azərbaycanlıya qarşı yürütdüyü ayrı-seçkilik siyasəti də bu hadisənin fonunda xüsusi diqqət çəkir. Bu rejim soydaşlarımızı fundamental hüquqlardan məhrum edib, onların milli kimliyinin ifadəsinə qarşı sistemli təzyiq göstərib. Azərbaycanlı fəalların təqib edilməsi, həbsi və cəzalandırılması artıq uzun illərdir davam edən siyasətin tərkib hissəsinə çevrilib.

Tarix göstərir ki, Azərbaycana qarşı düşmənçilik edən qüvvələr gec-tez öz əməllərinin nəticəsi ilə üzləşiblər. Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər bir addımın siyasi və hüquqi nəticələri qaçılmazdır. Bu baxımdan Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və ölkəmizə qarşı yönəlmiş belə hücum aktlarının cavabsız qalmayacağını açıq şəkildə bəyan edir.

Naxçıvana qarşı dron hücumu təkcə bir hərbi insident deyil, eyni zamanda regionda sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vuran təhlükəli presedentdir. İran hakimiyyəti bu məsuliyyəti dərk etməli, təxribat xarakterli addımlardan çəkinməli və regionda gərginliyin artmasına xidmət edən siyasətdən imtina etməlidir. Əks halda, bu cür addımlar yalnız qarşıdurmanı dərinləşdirəcək və nəticədə məsuliyyət yenə də həmin siyasəti həyata keçirənlərin üzərinə düşəcək.

Azərbaycan isə öz suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının həyatını qorumaq üçün bütün zəruri addımları atmaq iradəsinə və imkanlarına malikdir. Regionda sülh və sabitlik istəyən hər bir dövlət bu reallığı nəzərə almalıdır”.


Mənbə: Modern.az

Bir cavab yazın