GDU-da görüş – Doktorant və dissertantların elmi fəaliyyəti diqqət mərkəzində 

Gəncə Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlarla görüş keçirilib.

Modern.az xəbər verir ki, online formatda keçirilən görüşdə Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə doktorantura təhsilinin əhəmiyyətindən, elmi tədqiqatların keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən və gənc tədqiqatçılar üçün yaradılan şəraitdən bəhs edib.  Diqqətə çatdırıb ki, 21-29 yanvar 2026-cı il tarixlərində universitetdə doktorantların və dissertantların illik attestasiyası keçirilmişdir. Əsas məqsəd doktorantların illik elmi fəaliyyətini qiymətləndirmək, qarşıya qoyulan vəzifələrin icra vəziyyətini müəyyənləşdirmək və gələcək fəaliyyət istiqamətlərini dəqiqləşdirmək olub.

Daha sonra hər bir doktorant və dissertantın illik hesabatı dinlənilib. Təqdimatlar zamanı görülən elmi-tədqiqat işləri, dərc olunmuş məqalələr, konfrans çıxışları və dissertasiya mövzuları üzrə əldə edilən nəticələr barədə ətraflı məlumat verilib.

Görüşdə  GDU Doktorantura şöbəsinin müdiri Maqsud Vəliyev çıxış edərək doktorantlara illik hesabatları ilə bağlı suallar ünvanlayıb, aparılan araşdırmaların elmi yeniliyi, praktik əhəmiyyəti və perspektivləri ilə maraqlanıb. Eyni zamanda, elmi işlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq elmi bazalarda nəşrlərin artırılması və dissertasiya işlərinin vaxtında tamamlanması ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.

Sonda Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə və Doktorantura şöbəsinin müdiri Maqsud Vəliyev doktorant və dissertantları maraqlandıran sualları cavablandırıb, onların təklif və müraciətlərini dinləyib. Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.


Mənbə: Modern.az

Bir cavab yazın