İran səfiri: “Xəbər tutan kimi dərhal nazirə zəng etdim”

“Ali Liderimiz vəfat edib deyə, o demək deyil ki, sistem öz işini görmür. Məsələn, dünən mən xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirlə (red.-Abbas Əraqçi) danışdım”.

Modern.az-ın məlumatına görə,  bunu İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu “Baku TV”yə müsahibəsində Naxçıvana edilən dron hücumu ilə bağlı danışarkən deyib.

“Nazir də digər nazirlərimizlə müzakirələr apardı. Dediyim kimi, sistem öz işini görür, təbii ki, biz normal vəziyyətdə deyilik müharibə gedir, amma o demək deyil ki, İranda hər şey məhv olub”. 

İranın hücumunun arxasında duranları hansı cəzanın gözləyəcəyindən söz açan səfir iki tərəfli işlərin aparılmasından sonra uyğun qərarların veriləcəyini bildirib. 

“Biz baxmalıyıq ki, əslində məsələ nə imiş və hansı tərəfdən olub. İndiyə qədər rəsmi şəkildə İran Hərbi Qüvvələri elan ediblər ki, İran Naxçıvana dron hücumu etməyib. Biz bu sahədə ikitərəfli iş aparmalıyıq. Sizin əlinizdə olan məlumatlar bizə, bizim məlumatlarımız isə sizə lazımdır”. – deyə M.Dərmiçilu

Xatırladaq ki, Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi Naxçıvana dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib.


Mənbə: Modern.az

Bir cavab yazın