Azərbaycanla qardaşlığa kölgə salmaq istəyənlərə СHP-dən SƏRT REAKSİYA
Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi Naxçıvana dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Hadisə zamanı 4 Azərbaycan vətəndaşı xəsarət alıb, infrastruktura, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanına ciddi zərər dəyib.
Hadisədən dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında baş verən hadisələrə ən sərt hüquqi qiymət verildi. Ölkə başçısı Azərbaycanın İrana qarşı heç bir əməliyyatda iştirak etmədiyini və etməyəcəyini vurğulayaraq İran İslam Respublikasının heç bir əsas olmadan ölkəmizə qarşı bu xain hərəkətini pislədi. Hadisə beynəlxalq aləmdə də ciddi rezonans doğurdu və Azərbaycana dünyanın 40-dan çox ölkəsi həmrəylik mesajı verdi, hadisəni qəti şəkildə pislədi.
Ötən gün İran Prezidenti Məsud Pezeşkian da İlham Əliyevə zəng edərək yaranmış vəziyyətlə bağlı izahat verib və məsələnin araşdırılacağını söz verib.
12 ölkəni raket atəsinə tutan İran məhz Azərbaycana hücumundan doğan kəskin reaksiyaya görə geri çəkilərək qonşularından üzr istəyib. Belə bir vaxtda qardaş Türkiyə parlamentinin DEM partiyasının üzvü, deputat Ömər Faruk Gergerlioğlu qərəzli çıxış edib və onun açıqlamaları Azərbaycanla yanaşı qardaş Türkiyədə də ciddi etirazla qarşılanıb. Onunla yanaşı, Türkiyədəki marginal radikal qrup tərəfindən də əsasən sosial media vasitəsilə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməyə başlanıb. Hətta, Türkiyənin Dezinformasiya ilə Mübarizə Agentliyi (DMA) martın 7-də bu mövzuda Azərbaycan-Türkiyə münasibətləri barədə dezinformasiyalara qarşı bəyanat yayıb.
Modern.az-a Naxçıvana edilən hücumla bağlı, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) mövqeyini öyrənməyə çalışıb.
CHP sədri Özgür Özəlin Milli Müdafiə Siyasətləri üzrə müavini Yankı Bağcıoğlu saytımıza açıqlamasında bildirib ki, partiya olaraq, Azərbaycanın haqlı narahatlığını başa düşürlər:
“Qardaş Azərbaycanın Naxçıvan ərazisinə İran tərəfindən həyata keçirilən dron hücumları xəbərlərini dərin narahatlıqla izləyirik. Türkiyə ilə Azərbaycan arasında “tək millət, iki dövlət” şüarına əsaslanan sarsılmaz qardaşlıq bağları, bu cür hadisələrdə ortaq qayğımızı və həmrəyliyimizi daha da gücləndirir. Azərbaycanın öz ərazisində yaşadığı təhlükəsizliklə bağlı narahatlığını və sərhədlərinə yönəlik təhdidlərə qarşı keçirdiyi haqlı narahatlığı CHP olaraq, tamamilə başa düşür və eyni hissləri paylaşırıq. Bir ölkənin suverenliyinə, mülki yaşayış yerlərinə və infrastrukturuna istiqamətlənən, beynəlxalq hüququ pozan hücumlar əsla qəbul edilə bilməz”.
Yankı Bağcıoğlu tezliklə regionda sülh və sabitlik şəraitinə qayıdılmasını vacib hesab etdiklərini vurğulayıb:
“Ancaq regionda davam edən qarşıdurmaların miqyası təəssüf ki, geniş bir coğrafiyanı əhatə edir. Bu eskalasiyadan təəssüf ki, Türkiyə də payını alıb. Hataya düşən raket qalıqları, müharibə alovunun sərhəd tanımadığını və ölkəmizi də təhdid etdiyini acı bir şəkildə göstərib. Bütün bu baş verənləri və mövcud vəziyyəti nəzərə alaraq, CHP olaraq, regionun tezliklə sülh və sabitlik vəziyyətinə qayıtması istiqamətində bütün cəhdləri səmimiyyətlə dəstəkləyirik. Müharibənin özü ilə gətirdiyi təbliğat və dezinformasiya şəraiti nəzərə alınaraq, bütün əhali qruplarının diqqətli, ehtiyatlı və təxribatlara qoşulmadan hərəkət etməsi böyük əhəmiyyət daşıyır”.
Cümhuriyyət Xalq Partiyasının xarici siyasət koordinatoru İlhan Üzgel Azərbaycana edilən hücumun qəbuledilməz olduğunu bildirib:
“Cümhuriyyət Xalq Partiyası olaraq, ABŞ və İsrailin qonşumuz İrana hücumlarına qarşıyıq. Bununla belə, İran rejiminin idarəetmə sisteminə qarşı məsafəliyik. İrandan istər Türkiyə, istərsə də qardaş Azərbaycana istiqamətlənən dron və oxşar hücumları qəbul etmir, düzgün saymırıq. Düşünürük ki, müharibənin əhatə dairəsinin genişləndirilməsinin, müharibəyə daxil olmayacağını elan etmiş ölkələrə hücumların İrana bir faydası olmayacaq. Qardaş Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq”.

Ömər Faruk Gərgərlioğlunun çıxışını şərh etməyin düzgün olmadığını qeyd edən İlhan Üzgel bildirib ki, həmin deputat çıxışlarından özü məsuldur. CHP rəsmisi Azərbaycan-Türkiyə münasibətlərinə azsaylı radikal qrupların heç bir təsir göstərə bilməyəcəyini də xatırladıb.
“Faruk Gərgərlioğlu bizim partiyadan millət vəkili olmadığına görə, onun çıxışını şərh etmək doğru deyil. Bizim mövqeyimiz məlumdur. O, çıxışlarına görə özü məsuliyyət daşıyır. Bizim mövqeyimiz isə məlumdur. Türkiyə 86 milyon əhalisi olan bir ölkədir. Xalqımızın özünü ən yaxın hiss etdiyi ölkə Azərbaycandır. Təxminən 600 millət vəkili var. Niyə tək bir şəxsin verdiyi açıqlama münasibətlərə təsir etməlidir? Əlaqələrimizin nə qədər güclü olduğunu nəzərə alsaq, siyasətçinin açıqlaması nə rəsmi səviyyədə, nə də xalqlarımız arasında mənfi təsir göstərə bilməz”.
Mənbə: Modern.az
