Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması

Dünya təcrübəsində ali təhsil müəssissələrində təhsilin hər üç pilləsi üzrə qiyabi təhsilalma forması mövcuddur. Bu modeldən daha optimalları olsa da qiyabi üsul qalmaqdadır. Bu üsul əyani formanın xüsusiyyətlərini daşısa da ondan əhəmiyyətli dərəcədə fərqlənir. Sıxışdırılmış təhsilalma metodu hesabına tələbə təcrübəyə daha çox yönələ bilir. 

Azərbaycanda bakalavr və doktorantura səviyyələri üzrə qiyabi təhsil forması olsa da 2014-2015-ci tədris ilindən etibarən magistratura pilləsində bu praktika tamamilə yığışdırılıb. 

“Magistratura səviyyəsində təhsilin qiyabi formasına dair müzakirələr demək olar ki, hər il təkrar olunur”.

Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.

O qeyd edib ki, dünya təcrübəsinə istinadən bir neçə detala diqqət yetirmək lazımdır:

“Ali təhsilin istənilən pilləsi üçün qiyabi təhsil forması artıq köhnəlmiş trend hesab olunur. Artıq təhsil formalarına yanaşma da dünya təcrübəsində tam fərqlidir: hibrid, distant və klassik yanaşmalar mövcuddur. Distant kimi əlverişli təhsil formasının fonunda düşünürəm ki, qiyabi təhsil formasına geri qayıtmaq elə də prioritet məsələ deyil”.

O qeyd edib ki, Azərbaycanda magistratura səviyyəsi üzrə qiyabi təhsil formasının bərpa olunmasını gözləmir: 

“Bu gün daha aktual formalar – distant və hibrid təhsil formalarının Azərbaycan təhsil sisteminə tətbiqi məsələlərini müzakirə etməliyik. Qiyabi təhsil forması mobilizə olunmuş elementdir. Bu, əyani təhsil formasının sıxışdırılmış üsuludur. İstər nəzəri, istər praktik baxımdan, bu ən əlverişli variant hesab olunmur”.

 


Mənbə: Modern.az

Bir cavab yazın