Dillər Universiteti bağlanmalıdır – MÖVQE
“Süni intellektin sürətlə inkişafı optimallaşma yaradaraq peşələri yeniləyir”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, Azərbaycanda süni intellektin tətbiqi nəticəsində bir çox iş yerlərinin ixtisara düşməsi real proqnozdur. O, bu barədə Modern.az-a açıqlamasında danışıb.
Ekspert qeyd edib ki, dövlətin əsas hədəfi vətəndaşların işlə təminatı olduğuna görə Azərbaycanda bu proses digər ölkələrlə müqayisədə daha ləng gedir. Onun sözlərinə görə, süni intellektin tətbiqi bəzi sahələrdə ciddi dəyişikliklərə səbəb ola bilər.
“Bu baxımdan Azərbaycan Dillər Universiteti fəaliyyətini dayandırmalıdır. Çünkü süni intellekt tərcüməçi kimi artıq mükəmməl iş görə bilir”.
Ekspert hesab edir ki, süni zəka tərcüməçilərin işini böyük ölçüdə əvəz edə bilər:
“Aşağı səviyyəli proqramçılara ehtiyacın azalması baş verəcək. Çünki eyni kodları süni intellekt daha peşəkar şəkildə yaza bilir. Bu texnologiya dövlət strukturlarına da təsir göstərə bilər. Məsələn, mobil tətbiqlərlə xidmətlər optimallaşdıqca dövlət işçilərinin ixtisarı mümkündür: “Mobil notariat” kimi tətbiqlər vasitəsilə sənədləşmə prosesi A-dan Z-yə onlayn həyata keçirilsə və vətəndaşların notariat ofisinə getməsinə ehtiyac qalmasa, bu sahədə çalışanların sayı da azala bilər. Bundan başqa, qaynar xətt operatorları, turizm sahəsində bəzi ştatlar, SMM əməkdaşları və redaktə işini görənlərin də süni intellektlə əvəz olunması ehtimal edilir”.
Ekspertin fikrincə, bank sektorunda da dəyişikliklər mümkündür və kreditlərin verilməsi mobil notariat kimi məsafədən, onlayn qaydada həyata keçirilərsə, kredit mütəxəssislərinə ehtiyac azalacaq:
“Süni İntellekt bəzi peşələri aradan qaldırsa da, eyni zamanda yeni ixtisasların yaranmasına səbəb olur. 10–15 il əvvəl Süni İntellekt mühəndisi kimi peşə mövcud deyildi. Hazırda Data Science kimi sahələr yaranır və bu istiqamətlərdə ixtisaslaşanlar yeni iş imkanları əldə edə bilirlər.
Mənbə: Modern.az
