Müəllimlərin maaşı 35% ARTIRILIB
2025-ci ildə ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 22,3 min müəllimin iştirakı ilə 39 imtahan mərkəzində test imtahanı mərhələsi təşkil edilib. Sertifikatlaşdırmada ilk dəfə iştirak edənlərin sayı 19,1 min nəfər, təkrar sertifikasiyada iştirak edənlərin sayı isə 3,3 min nəfər təşkil edib.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Eyni zamanda, təkrar sertifikasiyanın müsahibə mərhələsi keçirilmiş və bu mərhələyə 1430 nəfər müəllim cəlb olunmuşdur. Onlardan 1318 nəfər uğur qazanmış, 35 nəfər qeyri-kafi nəticə göstərmiş, 78 nəfər isə müsahibədə iştirak etməmişdir.
İlk dəfə sertifikasiyada iştirak edən və test mərhələsini müvəffəqiyyətlə başa vurmuş 16,6 min nəfər müəllim də müsahibə mərhələsinə dəvət olunmuşdur. Bu kateqoriyaya aid müəllimlərin müsahibəsində 16,4 min uğurlu və 25 uğursuz nəticə olmuş, gəlməyənlərin sayı 126 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən cəmi 353 təhsil verən sertifikasiya imtahanına dəvət olunmuş, imtahanda 333 təhsil verən iştirak etmiş, onlardan 280 nəfər uğurlu və 53 nəfər uğursuz nəticə göstərmişdir. Uğurlu nəticə əldə etmiş təhsil verənlər müsahibə mərhələsinə cəlb olunmuşdur.
Sertifikasiya imtahanında iştirak edərək 51 və yuxarı bal toplamış 6,6 min müəllimin maaşına 35% artım, 30-50 bal aralığında nəticə göstərən 11,3 min müəllimin maaşına isə 10% artım əlavə olunur. İndiyədək 73,3 min müəllim sertifikatlaşdırmadan keçərək diferensial əməkhaqqı alır. Sertifikatlaşdırmadan keçən müəllimlərin orta dərs yükü 17,5-dən 19,5-ə qalxmışdır.
Mənbə: Modern.az
