Ötən il sadəcə 38,7 faiz uşaq bağçaya gedib
Ötən il 1-5 yaşlı uşaqların 38,7 faizi bağçaya gedib.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən 1–5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilmə səviyyəsinin 50%-ə çatdırılması hədəf olaraq müəyyən edilmişdir.
2025-ci ildə məktəbəqədər təhsil müəssisələrində 110,5 min uşaq (dövlət müəssisəsində 105,4 min uşaq, özəl müəssisələrdə 5,1 min uşaq), 1,6 min icma əsaslı məktəbəqədər təhsil qrupunda 23,6 min uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 86,4 min uşaq (dövlət müəssisələrində 85,6 min uşaq, özəl müəssisələrdə 848 uşaq), ümumilikdə 220,5 min uşaq olmaqla məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 38,7% təşkil etmişdir.
Qeyd edək ki, 2025-ci ilin fevral-mart aylarında məktəbəqədər təhsil müəssisələrinə metodistlərin işə qəbulu müsabiqəsinin test mərhələsində uğur qazanan 40 nəfər namizəd üçün keçirilmiş müsahibənin nəticəsinə görə 23 nəfər seçdikləri müəssisələrdə metodist vəzifəsinə təyin edilmişdir.
Hesabat ilində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə 4,4 min nəfərin iştirakı ilə müsabiqənin test imtahanı mərhələsi təşkil edilmiş, nəticələrə əsasən 291 vakant yerdən 205-i tutulmuşdur.
Bundan başqa, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi həyata keçirilmiş, dəvət olunan 333 nəfərdən 240 namizəd test imtahanında iştirak etmişdir.
Eyni zamanda, məktəbəqədər təhsil müəssisələri müdirlərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə prosesi həyata keçirilmiş, 10 şəhərdə 12 imtahan mərkəzində təşkil edilmiş diaqnostik qiymətləndirmədə davamiyyət 90% olmuşdur.
Mənbə: Modern.az
