Peşə təhsili müəssisələrində hansı vakant yerlər var?
2025/2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə 22,8 min nəfər (84%) dövlət vəsaiti hesabına, 4,2 min nəfər (16%) isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunmuş, plan yerlərinin 82,8%-i tutulub. Yeni qəbul olan tələbələrdən 10,5 min nəfərini (39%) qadınlar təşkil edib. Peşə təhsili səviyyələrinə əsasən 1,8 min nəfər ilk peşə, 22,6 min nəfər texniki peşə, 2,6 min nəfər isə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə adını qazanıb.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Son 5 ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 39% artıb, o cümlədən 2021-ci ildə 16,6 min nəfər (4,9 min nəfəri qadın), 2025-ci ildə isə 27 min nəfər (10,5 min nəfəri qadın) təşkil edib. 2022–2025-ci illər üzrə yüksək texniki peşə təhsilinə cəlb olunanların sayı 7,1 min nəfər olub.
2025-ci ildə əmək bazarının və işəgötürənlərin ehtiyacları nəzərə alınmaqla Bakı şəhəri və regionlarda yerləşən 19 peşə təhsili müəssisəsində 42 ixtisas üzrə qısamüddətli təlimlər təşkil olunub.
2025-ci ildə 1,5 min nəfər qısamüddətli, 196 nəfər isə qısamüddətli ixtisasartırma təlimlərinə cəlb olunub. İndiyədək qısamüddətli təlimlərə cəlb edilənlərin cəmi sayı 28 min nəfər, qısamüddətli ixtisasartırma üzrə 12,7 min nəfər təşkil edib.
Ötən il həmçinin peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üzrə müsabiqə təşkil edilib, ümumilikdə 14 direktor və 54 direktor müavini vəzifəsi üzrə vakansiya elan olunub. Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsində 21 nəfər uğur qazanaraq işlə təmin edilib.
Qeyd edək ki, hazırda bu vəzifələrə 57 vakant yeri var.
Hesabatda o da bildirilib ki, 2025-ci ildə ümumilikdə 17 peşə təhsil proqramı hazırlanıb, onlardan 10-u yeni ixtisaslar üzrə olunub, 7-si isə yenilənib, habelə 72 peşə ixtisas dərsliyi hazırlanıb və 35 min nüsxə dərslik çap olunub. Yerli dərsliklərin 10 min nüsxə, tərcümə edilmiş dərsliklərin isə 25 min nüsxə tirajı təhsil müəssisələrinin dərslik təminatını tam şəkildə əhatə edib. Dərsliklərin 38-i yerli mütəxəssislər tərəfindən hazırlanıb, 34-ü isə beynəlxalq mənbələr əsasında tərtib edilib.
Peşə təmayüllü siniflərdə tədris olunan 4 ixtisas və 4 əsas səriştələr proqramı yenilənib və sağlamlıq imkanları məhdud (əqli geriliyi olan) şəxslər üçün xüsusi təhsil proqramı hazırlanıb.
Mənbə: Modern.az
