Xaricdə təhsil alan tələbələrimiz – ÖLKƏLƏR
2025/2026-cı tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda 130, Çində 43, Latviyada 10, Qazaxıstanda 10, Türkiyədə 11 (YTB ilə əməkdaşlıq çərçivəsində), Rumıniyada 8, ümumilikdə isə 212 nəfər Azərbaycan vətəndaşı dünyanın 6 müxtəlif ölkəsinin 59 ali təhsil müəssisəsində bakalavriat, magistratura, doktorantura və post-doktorantura səviyyələrində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanmışdır ki, bu da əvvəlki illə müqayisədə 12,5% çoxdur.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqrama müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 51 ölkə üzrə 100 nəfər Azərbaycanın 9 ali təhsil müəssisəsində bakalavriat, magistratura, doktorantura səviyyələrində təhsil almaq hüququ qazanmışlar. Hazırda HTP çərçivəsində Rumıniya, Çin, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Somalidən olan 115-ə yaxın xarici tələbə ölkəmizin ali təhsil müəssisələrində təhsil alır.
2025/2026-cı tədris ili üzrə 62 əcnəbi vətəndaş (23 nəfər Çin, 11 nəfər Qazaxıstan, 4 nəfər Tacikistan, 4 nəfər Qırğızıstan, 20 nəfər Somali) HTP çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır. Bu göstərici əvvəlki illə müqayisədə 32% çox olmaqla 2 yeni ölkədən (Qırğızıstan və Somali) tələbə qəbulu aparılmışdır.
Mənbə: Modern.az
