“İrandan sonra növbə Türkiyənindir”, – deyənlərə CAVAB

Son aylarda regionda ən çox dövriyyəyə buraxılan siyasi tezislərdən biri də guya İrandan sonra növbə Türkiyənindir fikridir. Bu ifadə ilk baxışda emosional görünür, əslində ciddi geosiyasi və psixoloji təsir mexanizmi daşıyır. Belə cümlələr təsadüfi yaranmır. Onlar informasiya müharibəsi, qavrayış idarəçiliyi və kütləvi psixoloji yönləndirmənin məhsulu olur. Məhz buna görə sualın cavabı hisslərdən uzaq, deterrensiya, regional balans və strateji kommunikasiya prizmasından verilməlidir.

Türkiyə NATO üzvüdür, 1952-ci ildən Alyansın içindədir və bu hüquqi status həm də geniş təhlükəsizlik çərçivəsidir. NATO-nun hazırda 32 üzvü var. Bu 32 üzv ortaq müdafiə planlaması, siyasi məsləhətləşmə, kəşfiyyat koordinasiyası, interoperabillik sisteminin hissələridir. NATO-nun əsas prinsipi kollektiv müdafiədir. Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə görə, üzvlərdən birinə qarşı silahlı hücum hamısına qarşı hücum sayılır. 

Bu maddə hər bir müttəfiqin hücuma məruz qalan ölkəyə yardım göstərmək öhdəliyini nəzərdə tutur. Yardımın forması isə tank və ya raketlə məhdudlaşmır, siyasi dəstək, hərbi logistika, hava müdafiəsi, kəşfiyyat, komanda-nəzarət, dəniz təhlükəsizliyi və digər vasitələr də bu çərçivəyə daxildir. 

Əslində,  NATO üzvlüyü nə verir sualına cavab çoxqatlıdır. Birincisi, təhlükəsizlik zəmanəti verir. İkincisi, hərbi-siyasi çəkini artırır. Üçüncüsü, potensial rəqiblər üçün hücumun qiymətini yüksəldir. Dördüncüsü, strateji təcridi çətinləşdirir. Beşincisi, üzv dövlətə koalisiya mexanizmi ilə hərəkət etmək imkanı yaradır. Yəni NATO üzvlüyü yalnız bayraq və protokol məsələsi deyil, real güc multiplikatorudur. NATO üzvlüyü öhdəlik də yaradır.

 

 

Üzv dövlətlər siyasi həmrəylik nümayiş etdirməli, ümumi təhlükəsizlik məqsədlərinə uyğun davranmalı, müdafiə qabiliyyətini artırmalı və ortaq planlaşdırmada iştirak etməlidirlər. NATO-nun rəsmi mexanizmlərində ortaq maliyyələşdirmə və yük bölgüsü prinsipi də var. Bundan başqa, son illərdə müdafiə xərcləri ilə bağlı tələblər daha sərt şəkildə gündəmdədir. 2025-ci il Haaqa Sammitində müttəfiqlər 2035-ci ilə qədər müdafiə və təhlükəsizliklə bağlı xərclərin artırılması üzrə yeni öhdəlik götürüblər.  Bu isə o deməkdir ki, NATO üzvlüyü “çətir altına girmək” qədər, o çətirin dayaqlarını da daşımaq məsuliyyətidir.

Bəs bir NATO üzvü təhlükə ilə üzləşərsə digərlərinin borcu nədir? Anında ümumi təhlükəsizlik problemi kimi qəbul edirlər. Məhz bu nöqtədə kollektiv təhlükəsizlik fərdi təhlükəsizlikdən ayrılır. NATO-nun hüquqi məntiqi budur ki, bir üzvə təzyiq bütün alyans sisteminə sınaqdır. Bu səbəbdən Türkiyə kimi geostrateji mərkəz ölkə ilə bağlı istənilən eskalasiya təkcə Ankara ilə məhdudlaşmır. Bu, Qara dənizdən Aralıq dənizinə, Cənubi Qafqazdan Yaxın Şərqə qədər uzanan geniş təhlükəsizlik kəmərinə təsir edir.

İndi əsas suala gələk, niyə tez-tez danışılır ki, İrandan sonra növbə Türkiyənindir? Analitiklərin fikrincə, bu, ilk növbədə, geopolitik fantaziyanın, dezinformasiya istehsalının və təhlükə konstruksiyasının birləşdiyi sahədir.

Türkiyə İran deyil. Türkiyə nə beynəlxalq sistemdə eyni mövqedədir, nə eyni ittifaqlara daxildir, nə də eyni strateji konfiqurasiyada dayanır. İran daha çox sanksiya, təcrid, proksi şəbəkələr və təhlükəsizlik müstəvisi içində təsvir olunur.

 

 

Türkiyə isə NATO üzvü, regional güc, sənaye-hərbi kompleksi inkişaf edən, Avropa ilə, Qara dənizlə, Yaxın Şərqlə və Türk dünyası ilə çoxsəviyyəli əlaqələri olan dövlətdir. Ona görə də “İrandan sonra Türkiyə” cümləsi analitik hökm kimi yox, siyasi-psixoloji təsir aləti kimi oxunmalıdır.

Bu hansı qüvvələrin təxəyyülüdür?

Birincisi, İran daxilində və ya İrana yaxın informasiya çevrələri belə tezislə özünə əlavə legitimlik qazanmağa çalışa bilər. Məntiq sadədir, əgər təhlükə təkcə bizə deyil, sabah Türkiyəyə də yönələcəksə, onda bugünkü gərginlik tək İran məsələsi deyil, fikri formalaşır. Bu, özünə simpatiya toplamaq, yeni fikir formalaşdırmaq və yeni hədəf göstərmək cəhdidir. Yəni təhlükənin paylaşdırılması ilə təcridin yumşaldılması hədəflənə bilər. Belə narrativlərdə “ortaq qurbanlıq” psixologiyası istehsal olunur.

İkincisi, Türkiyənin içində Türkiyəyə qarşı olan qüvvələr bu mövzuda spekulyasiya edə bilər. Burada söhbət ideoloji qarşıdurma aparan, hökumətə təzyiq etmək istəyən, təhlükəsizlik siyasətini uğursuz göstərməyə çalışan və ya ictimai rəyin sinir sisteminə işləyən çevrələrdən gedir. Onlar “ölkə böyük risk altındadır” tezisi üzərindən hakimiyyətin xarici siyasət kursunu delegitimləşdirməyə çalışa bilərlər. Bu, klassik daxili siyasi instrumentalizasiya nümunəsidir. Qorxu, qeyri-müəyyənlik və strateji panika daxili polemikanın materialına çevrilir.

Üçüncüsü, böyük güclər və ya böyük güclərlə əlaqəli media-ekosistemləri bu informasiyadan Türkiyəni Yaxın Şərqdə oyundan kənar saxlamaq üçün istifadə edə bilərlər. Çünki Türkiyə regionda yalnız hərbi aktor deyil, eyni zamanda diplomatik vasitəçi, enerji marşrutlarının keçən  nöqtəsi, tranzit ölkə və siyasi təsir mərkəzidir. Ankaranın regional təşəbbüskarlığını zəiflətməyin yollarından biri onun diqqətini davamlı təhlükə diskursuna bağlamaqdır.

Beləliklə, dövlət resursu proaktiv strategiyadan reaktiv müdafiə psixologiyasına sürüklənə bilər. Bu da geosiyasi manevr imkanlarını məhdudlaşdırır.

Bəs Türkiyədə nə düşünürlər?

Türkiyədə diplomatlar, hərbçilər, ekspertlər, jurnalistlər və cəmiyyət eyni düşünmür. Diplomatik çevrələr, adətən, belə tezislərə ehtiyatla yanaşır və hüquqi-strateji fərqləri önə çəkir.

Hərbçilər məsələni risk matrisi, hibrid təhdid, sərhəd təhlükəsizliyi deterrensiya parametrləri ilə ölçürlər. Ekspertlər bu mövzunu geosiyasi alqı, informasiya manipulyasiyası və regional güc nisbəti kontekstində şərh edirlər.

 

 

Jurnalistlər daha çox gündəlik siyasi emosiyanın və ictimai rəyin temperaturunu əks etdirirlər.

Cəmiyyət daxilində isə iki paralel xətt görünür, bir tərəf bunu ciddi təhlükə sayır, digər tərəf isə tamamilə psixoloji əməliyyat hesab edir.

Bütün bunlardan sonar bu fikirlər oyundurmu, gerçəklikdirmi, sualı qarşıya çıxır. Ən doğru cavab belədir ki, bu, gerçəklik elementləri daşıyan siyasi oyundur. Yəni bölgə həqiqətən risklərlə doludur, ancaq riskin təqdimat forması çox vaxt manipulyativ olur. Real təhlükə ilə şişirdilmiş təhlükə arasında incə xətt var. Məsələ ondadır ki, informasiya müharibəsi həmin xətti qəsdən bulanıqlaşdırır. Bu səbəbdən “növbə Türkiyənindir” tezisini nə sadəlövhcəsinə qəbul etmək, nə də tam məsxərəyə qoymaq lazımdır. Onu deşifrə etmək lazımdır.

Tarix də göstərir ki, ittifaqlarlar hərbi müqavilə ilə paralel siyasi iradə institutudur. Uinston Çörçill hələ XX əsrin ortalarında deyirdi ki, təhlükəsizlik yalnız silahla deyil, uzaqgörənliklə qorunur.

Bu fikir bu gün də keçərlidir. Çünki təhlükənin özü qədər, onun necə təqdim olunması da strateji nəticə yaradır.

Sun Tzunun məşhur tezisi də burada yada düşür, o deyirdi ki, ən böyük qələbə döyüşmədən qazanılandır.

Müasir dövrdə bu “döyüşmədən qələbə” çox zaman dezinformasiya, psixoloji aşındırma və qavrayış üstünlüyü vasitəsilə əldə olunmağa çalışılır.

NATO hansı üzvünə qarşı əməliyyatlar başlayanda sakit qalıb sualı da çox verilir. NATO-nun mahiyyəti konsensus və kollektiv reaksiyadır, amma bu reaksiya hər dəfə eyni formatda olmur. 

Hər hansı üzvə təhdid yarananda NATO siyasi məsləhətləşmə, əlavə qüvvə yerləşdirmə, müdafiə planlarının aktivləşdirilməsi, hava və dəniz patrulları, kəşfiyyat koordinasiyası kimi addımlara əl ata bilər. Yəni “sakit qalmaq” anlayışı çox vaxt səthi şərhdir, bəzən görünən susqunluğun arxasında geniş hərbi-siyasi koordinasiya dayanır. Alyansın özəlliyi də bundadır, reaksiya yalnız bəyanatdan ibarət olmur.

NATO üzvü iki ölkə müharibə edibmi?

Cavab odur ki, bu günə qədər açıq və tammiqyaslı NATO-daxili müharibə baş verməyib.  Amma gərginliklər, sərt böhranlar və hətta silahlı insident həddinə çatan qarşıdurmalar olub. Ən çox xatırlanan nümunə 1974-cü il Kipr böhranı fonunda Yunanıstan və Türkiyə arasında yaranan son dərəcə təhlükəli eskalasiyadır.  Bununla belə, iki NATO-üzvü arasında müharibəsi baş verməyib. Bu fakt özü də alyans daxili böhran idarəçiliyinin, dekonfliksiya mexanizmlərinin və siyasi kanalın əhəmiyyətini göstərir.

 

 

Bütün bunlardan sonra deyə bilərik ki, “İrandan sonra növbə Türkiyənindir” tezisi daha çox dezinformativ narrativ, psixoloji təsir aləti və geosiyasi spekulyasiya kimi görünür. Bu tezis müxtəlif aktorların maraqlarına, İranın özünə dəstək toplamaq cəhdinə, Türkiyə daxilində anti-Türkiyə və ya anti-hökumət çevrələrinin manipulyasiyasına, həmçinin böyük güclərin Ankaranı regional oyunda ehtiyatlı və müdafiəçi mövqeyə sıxışdırmaq planına xidmət edə bilər.

Amma heç bir halda bütün bunlar Türkiyənin zəif hədəf olduğu anlamına gəlmir. Əksinə, Türkiyə NATO üzvü, regional güc və strateji düyün dövləti kimi fərqli təhlükəsizlik statusuna malikdir. Ona görə Türkiyəni İranla eyniləşdirmək həm analitik səhvdir, həm də siyasi manipulyasiyadır. Doğru yanaşma panika yox, soyuqqanlı strateji təhlildir. Regionun gələcəyi qorxu cümlələrinə hesablanmır, güc balansı, diplomatik rasionalizm və informasiya savadlılığı ilə müəyyən olunur.

Məhz buna görə gün ən vacib məsələ “növbə kimindir?” sualı deyil, “bu sualı kim və niyə dövriyyəyə buraxır?” sualıdır.

 
Elnur ƏMİROV


Mənbə: Modern.az

Bir cavab yazın