Rusiya Ter-Petrosyanı birləşdirici fiqura çevirmək istəyir – Sahib Alıyev

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib.

“Bu yaxınlarda liturgiyada iştirak edərkən “Artsax Respublikası”nın deyildiyini eşitdim. Bu nə deməkdir? Bu, yalnız və yalnız müharibəyə çağırış deməkdir. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı) və digər din xadimləri müharibə partiyasının rəhbərləri rolunu öz üzərinə götürüblər”, – o qeyd edib.

Paşinyan eyni zamanda Avropa Parlamentindəki çıxışında İlham Əliyevə təşəkkür edib.

Paşinyanın bu çıxışından sonra ona qarşı olan qüvvələr tərəfindən əleyhinə kampaniya başladılıb. Bu kampaniyaya Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da qoşulub.

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev bildirib ki, Paşinyanın kilsə ilə bağlı dedikləri, İlham Əliyevə təşəkkür etməsi Rusiyaya bağlı siyasətçilərin təbii olaraq, xoşuna gəlməyib:

“Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki çıxışı zamanı dedikləri, hay kilsəsinin mahiyyətini açması, cənab İlham Əliyevə təşəkkür etməsi, ardından keçirdiyi brifinqdə həmin fikirlərini təkrarlaması və martın 13-dəki canlı “Facebook” bağlantısında Ermənistanın Müstəqillik Bəyannaməsinin mətninin “münaqişə məntiqi” üzərində qurulduğunu, həmin sənəddə Qarabağa dair iddianın, əslində, dövlətçiliklərinin məhvinə yönəldiyini və suverenlikləri üçün böyük risk yaratdığını bildirməsi ölkəsindəki Rusiyaya bağlı siyasətçilərin, təbii ki, xoşuna gəlməyib. Onların içərisində ən çox qəzəblənən isə belə görünür ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandır. Və bu da səbəbsiz deyil. 1998-ci ildən sonra, belə demək mümkünsə, “dincə qoyulan”, İkinci Qarabağ savaşından dərhal sonra isə istifadəyə yararlılığı düşünülən Ter-Petrosyan bağlı olduğu çevrələrlə  yenidən ünsiyyət qurub, daha doğrusu, onu bərpa etdilər. Bu bərpa 2020-ci ilin 12 noyabrında baş verdi. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə məhz həmin gün keçirilən görüşdən sonra bu qoca nasist və hərbi cinayətkar, əslində, öz yetirməsi olan Paşinyanın üzərinə yeriyərək onu xəyanətkarlıqda suçladı.

Nə hikmətdirsə, o vaxtdan Sergey Kopırkinin Ermənistanda ən çox görüşüb məsləhətləşdiyi partiya lideri yenə də həmin Levon Ter-Petrosyandır. Onların sadəcə mətbuata sızdırılan görüşlərinin sayı artıq beşi ötüb. Amma çox ehtimal ki, aralarındakı kommunikasiya davamlı xarakter daşıyır və ötən həftə Levon Ter Petrosyanın lideri olduğu Milli Konqres Partiyasının beşinci qurultayı da, qurultaydan sonra onun “Facebook”dakı statusu da bir növ bunu təsdiqləyir. Belə anlaşılır ki, Moskva “Qarabağ klanı”nın tam marginallaşdığını, katolikos Qareginin ifşa olunduğunu və “dili gödəkliyini” görərək məhz Levon Ter-Petrosyanı öz oyununun mərkəzi, daha dəqiqi, birləşdirici fiquruna çevirmək istəyir”.

S.Alıyevin sözlərinə görə, L.T. Petrosyan paylaşdığı stautsda heç də Samvel Karepetyan ətrafında elektoratı səfərbər etmək niyyətini gizlətmir:

“Sözügedən statusunda Levon Ter-Petrosyan gizlətmir ki, onun məqsədi narazı elektoratı məhz Nikol Paşinyanı devirmək, devirmək mümkün olmasa da, nəzarət altında saxlamaq niyyəti ilə Ermənistana göndərilən Samvel Karapetyanın ətrafında səfərbər etməkdir. Baxın, Ter-Petrosyan nə yazır: o, Fransa istisna olmaqla, Ermənistanın təbii müttəfiqlərinin “uzaq Qərb ölkələri” deyil, Rusiya, Gürcüstan və İran olduğunu bildirir.

Yəqin ki, sıralamaya diqqət etdiniz? Bu, həmin Levon Ter-Petrosyandır ki, Birinci Qarabağ müharibəsi zamanı onlara ən çox yardım göstərən dövlətin İran olduğunu deyirdi. İndi Ermənistanın təbii müttəfiqləri sırasında İranın adını üçüncü çəkir. Səbəb yəqin yəqin bəllidir. Rusiyanın burada niyə birinci yerdə olduğu da o sıradan. Amma bəlli olmayan, Ermənistanın ilk prezidentinin Gürcüstanı özlərinin ikinci təbii müttəfiqi saymasıdır. Maraqlıdır, o, nəyə dayanaraq belə iddiada bulunur? Kopırkinin qulağına pıçıldadıqlarınamı?

Gürcü xalqı elə həmin Levon Ter-Petrosyannın Ermənistana rəhbərliyi dövründə Abxaziyadakı hayların yaratdığı Baqramyan adına taborun onlara qarşı necə savaşdıqlarını, törətdikləri vəhşilikləri, Cavaxetiyadakı separatçılıq cəhdlərini bəyəm unudub? Əminəm ki, unutmayıb”.


Mənbə: Modern.az

Bir cavab yazın