Müəllimlərin sertifikasiyası və maaş artımı ilə bağlı maraqlı TƏKLİF

Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverilənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar. Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vüqar Bayramov deyib. 
 
“Bununla belə, təklif edərdim ki, həmin maddə üzrə sertifikatlaşdırmaya cəlb edilməyən vətəndaşlarımızın siyahısına baxılıb genişləndirmə aparılsın. Müzakirə etdiyimiz layihə üzrə incəsənət sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad edilməsi məqsədəuyğun olardı.
Eyni zamanda, Məcəllənin 67-ci maddəsindəki kimi 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslərin sertifikatlaşdırmaya cəlb olunmamasını təklif edərdim. Razılşaq ki, 2 dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin yenidən 3-cü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır.
 
Digər tərəfdən, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10 faiz, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır. Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur.
Belə ki, imtahanlarda ümumi balın 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərin də maaş artımı 35 fazi olar. Bu da sözügedən sektorda əməyin daha yaxşı qiymətləndilməsinə imkan verə bilər.
Hazırda 48-50 ballar toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalarla 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayanınkı isə 35 faiz artırılır. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşının 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur”, – o qeyd edib.


Mənbə: Modern.az

Bir cavab yazın