Aktual Bu gün, 13:54 Xalqımıza qarşı cinayətlər milli şüurumuzun bir hissəsi olmalıdır
1918-ci ilin mart ayında Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınlar xalqımızın tarixində ən ağır və faciəli səhifələrdən biridir.
“Böyük Ermənistan” xülyasının reallaşdırılması məqsədilə xalqımıza qarşı həyata keçirilmiş sistemli soyqırımı siyasəti uzun illər ərzində mərhələli və planlı şəkildə icra olunub. Xüsusilə, azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması, demoqrafik tərkibin zorla dəyişdirilməsi bu bədnam planın tərkib hissəsi idi.
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş qırğınlar nəticəsində on minlərlə insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildi. Miqyası olduqca geniş olan, yaşayış məntəqələrinin dağıdılması, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsi ilə nəticələnən bu soyqırımına ilk hüquqi siyasi qiyməti məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev verib. Ulu Öndərin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman xalqımıza qarşı törədilmiş cinayətlərin mahiyyətinin sistemli şəkildə araşdırılmasına, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülməsinə zəmin yaradıb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində xalqımıza qarşı törədilmiş tarixi ədalətsizliklərə son qoyuldu. Bu hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu, bununla yanaşı, həm də xalqımıza qarşı törədilmiş soyqırımı və faciələrin qurbanlarının, şəhidlərimizin qisası döyüş meydanında alındı.
Bu gün Ulu Öndərin ideyaları əsasında möhtərəm Prezidentimizin rəhbərliyi ilə inkişaf edən müasir Azərbaycan qüdrətli dövlət kimi regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfələr verir. Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində fəal siyasət yürüdür.
Tarixin bu ağır sınaqları bir daha göstərir ki, dünya azərbaycanlıları daim birlik nümayiş etdirməli, Ana Vətənimizin güclənməsi naminə səylərini birləşdirməlidirlər. Eyni zamanda xalqımıza qarşı törədilmiş cinayətlər heç vaxt unudulmamalı, bu həqiqətlər gələcək nəsillərə ötürülməklə milli şüurumuzun ayrılmaz hissəsinə çevrilməlidir.
Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsinin sədri
Mənbə: Modern.az
