Universitet gecikdirdiyi təqaüdə görə tələbəyə faiz ödəsin – TƏKLİF
Müşahidələrə görə, bəzi ali məktəblərdə tələbə təqaüdləri vaxtında ödənilmir, günlərlə, hətta bəzən aylarla gecikdirilir. Mövzu sosial şəbəkələrdə də müzakirə edilir. Bu müzakirələrdə gecikdirilən tələbə təqaüdlərilə bağlı müxtəlif təkliflər irəli sürülür.
Belə təkliflərdən biri gecikdirilən təqaüdlərə görə tələbələrə əlavə faizlərin verilməsidir.
Modern.az xəbər verir ki, təklifi dəstəkləyən təhsil məsələləri üzrə məsləhətçi Tuqay Rzazadə hesab edir ki, belə bir qərar tələbələrin pozulan hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edər.
“Bu təklifin qəbulunu niyə dəstəkləyirəm? Heç kimə sirr deyil ki, hələ də bəzi universitetlərdə təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə qarşı təzyiq halları müşahidə olunur.
Xatırlayıram ki, bakalavr təhsili aldığım dövrdə (Azərbaycan Müəllimlər İnstitutu) ailəmin maddi vəziyyəti ilə əlaqədar olaraq mən və bir neçə tələbə təhsil haqqını ödəməkdə çətinlik çəkirdik. Bu səbəbdən mən və digər tələbələr fakültə dekanı tərəfindən dəfələrlə dərsdən çıxarılmışdıq.
Hesab edirəm ki, belə halların yaşanması tələbələrdə dərin və uzunmüddətli psixoloji təsirlər yaradır. Mən də həmin günləri bu günə qədər xoşagəlməz xatirə kimi xatırlayıram.
Başa düşürəm ki, universitetlərin büdcəsi çox vaxt tələbələrin ödədiyi təhsil haqları hesabına formalaşır və bu vəsait pedaqoji və texniki heyətin əməkhaqlarına yönəldilir. Lakin hesab edirəm ki, istənilən halda təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrin sosial vəziyyəti araşdırılmalı və onlara təzyiq göstərmək əvəzinə, dəstək mexanizmləri tətbiq edilməlidir. Eyni zamanda, gecikdirilən tələbə təqaüdlərinə görə əlavə faiz ödənilməsi yalnız sosial ədalətin təmin olunması deyil, həm də tələbələrin hüquqlarının real müdafiəsi baxımından zəruri və əsaslandırılmış bir addım olardı”, – T.Rzazadə qeyd edib.
Onun sözlərinə görə, gecikdirilən təhsil haqqına görə tələbəni dərsə buraxmayan universitetin gecikdirdiyi təqaüdə görə də tələbəyə əlavə faiz verməsi ədalətlilik baxımından düzgün addım olardı.
Mənbə: Modern.az
