9-cu sinif imtahanında səhv sual: bu il ballar düşəcək? – AÇIQLAMA
Ötən gün Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Buraxılış imtahanından sonra riyaziyyat fənni üzrə bir neçə sualın çətin olması ilə bağlı fikirlər səsləndirilib. Belə ki, qeyd olunan fənn üzrə 1 yaxud 2 sualda yanlışlıq olduğu bildirilir. Bu kontekstdə imtahanın ümumi çətinlik səviyyəsi və yekun nəticələrin necə formalaşacağı ətrafında da suallar yaranır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, buraxılış imtahanından sonra ən çox narahatlıq doğuran fənn riyaziyyat fənni olub.
“Şagirdlər və bəzi müəllimlər bildirirlər ki, bu fəndən bir neçə sual kifayət qədər çətin olub. Hətta bir sualın səhv olduğu, bəzi yanaşmalara görə isə iki sualın yanlış olduğu bildirilir. Əgər həmin sualda səhv təsdiqlənərsə, DİM tərəfindən bu sual bütün şagirdlərin xeyrinə düzgün cavab kimi qəbul olunacaq”.
Ekspert onu da qeyd edib ki, diqqət çəkən məqamlardan bir digəri də imtahan cavablarının gec açıqlanmasıyla bağlıdır:
“Adətən DİM imtahandan təxminən 2 saat sonra, saat 16:00 radələrində düzgün cavabları açıqlayırdı. Lakin son imtahanda cavabların açıqlanmaması bu sualın doğrudan da yanlış olması ətrafında şübhələri daha da artırıb.
Şagirdlərin nəticələrinə gəlincə, builki imtahan ötən ilin 9-cu sinif buraxılış imtahanları ilə müqayisədə daha çətin hesab olunur. Keçən il sualların daha asan olması nəticələrin xeyli artmasına səbəb olmuşdu. Bu il isə balların müəyyən qədər aşağı düşəcəyi ehtimal edilir”.
R.Nurəliyev əlavə edib ki, əslində gözlənti ondan ibarət idi ki, 9-cu siniflərin imtahanı 11-ci siniflərin imtahanı qədər çətin olacaq:
“Lakin bu hal baş vermədi, imtahan bir o qdəər ağır olmadı. Sadəcə riyaziyyat fənni üzrə ötən illə müqayisədə cüzi çətinlik hiss olunurdu. Ümumilikdə hələlik əsas çətinlik builki 11-ci siniflərin buraxılış imtahanlarında müşahidə olunub. Ehtimal edilir ki, bu fərq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan blok imtahanlarında sualların səviyyəsinin müəyyən qədər asan olması ilə tənzimlənəcək”.
Xatırladaq ki, imtahanda 49 701 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə məhdudiyyətli və digər) şagird də iştirak edib. Qayda pozuntusuna yol verdiyi üçün 4 nəfərdə mobil telefon aşkar olunaraq imtahandan xaric edilib.
Bundan əlavə, imtahanda iştirak üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, sənədin surəti ilə gələn və ya vəsiqəsində şəkil olmadığı üçün məktəbdən verilmiş şəkilli arayışı təqdim etməyən şagirdlər də qeydə alınıb.
Məlumat üçün bildirək ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt apardığından nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.
Mənbə: Modern.az
