Tələbələrdən transferlə bağlı təhsil haqqı tələbinə aydınlıq gətirilib
Qərbi Kaspi Universitetində tələbələrin digər ali təhsil müəssisələrinə transferi ilə bağlı onlardan ödəniş tələb edilməsinə dair məlumatlar yayılıb. İddialara görə, adıçəkilən universitetdə tələbələrə yalnız 4 illik təhsil haqqı tam ödənildikdən sonra başqa ali məktəblərə köçürülməsinə icazə verilir. Belə ki, qeyd olunan tələb universitetlə tələbə arasında imzalanmış müqavilənin şərtlərində də yer alıb.
Modern.az iddialarla əlaqədar olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq rəsmi qurumdan bildirilib ki, tələbələrin köçürülməsi qaydasında 4 illik təhsil haqqının ödənilməsi tələbi qanunvericilikdə nəzərdə tutulmur.
Məlumat üçün bildirək ki, tələbələrin köçürülməsi prosesi Elm və Təhsil Nazirliyinin 21 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş müvafiq qaydalar əsasında həyata keçirilir. Qaydalara görə, köçürülmə yalnız yay tətili dövründə ildə bir dəfə aparılır və tələbənin əvvəl topladığı kreditlər nəzərə alınır. Kreditlərin ən azı yarısını toplamayan, həmçinin normativ təhsil müddətini aşan tələbələrin köçürülməsinə icazə verilmir. Köçürülmə zamanı tələbənin topladığı bal seçdiyi ixtisas üzrə minimal keçid balından yüksək olmalı, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə əlavə imtahan nəticələri də nəzərə alınmalıdır. Eyni zamanda, tələbələr yalnız eyni ixtisas qrupu daxilində dəyişiklik edə, magistratura səviyyəsində isə yalnız təhsil müəssisəsini dəyişə bilərlər. Qaydalara əsasən, köçürülən tələbələr, bəzi istisnalar nəzərə alınmaqla, təhsillərini ödənişli əsaslarla davam etdirirlər.
Xatırladaq ki, ötən həftə Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan bəzi tələbələrdən 350-370 manat məbləğində ödəniş tələb olunduğuna dair iddialar da yayılıb. Universitetin açıqlamasına görə, bu ödəniş tələbi 2025-ci ilin başa çatması ilə əlaqədar təhsil üçün ayrılmış vəsaitin dövlət büdcəsinə geri qaytarılması ilə bağlıdır.
EATDA-dan isə bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir.
“Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz. Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir.
Qeyd olunub ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil”, – deyə məlumatda vurğulanıb.
Mənbə: Modern.az
