Bu sülh deyil, diplomatiyaya yol aça biləcək tənəffüs mərhələsidir – ŞƏRH
ABŞ və İran arasında əldə olunan atəşkəs ətrafında yaranmış vəziyyət əslində klassik “sülh”dən daha çox, müvəqqəti “tənəffüs” mərhələsi kimi qiymətləndirilməlidir.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Modern.az-a açıqlamasında bildirib ki, bu mərhələ tərəflər arasında dərin ziddiyyətlərin aradan qalxması deyil, sadəcə olaraq gərginliyin idarə olunması və danışıqlara zəmin yaradılması məqsədi daşıyır.
Deputatın sözlərinə görə, ABŞ atəşkəsə daha çox deeskalasiya aləti kimi yanaşır.
“Vaşinqton üçün bu, gərginliyi müvəqqəti azaltmaq və diplomatik prosesə keçid üçün bir vasitədir. Ağ Ev rəsmiləri də açıq şəkildə bildirirlər ki, yekun qərar verilməyənə qədər heç nə tam razılaşdırılmış hesab edilə bilməz”, – deyə o vurğulayıb.
R.Nəbiyev qeyd edib ki, son iki həftə ərzində ABŞ tərəfindən eskalasiya təzyiq aləti kimi istifadə olunub və bu yanaşma tərəfləri danışıqlar masasına gətirmək baxımından müəyyən nəticə verib:
“Eskalasiya yalnız İrana və ya regiona deyil, eyni zamanda ABŞ-nin özünə də risklər yaradır. Bu risklər həm daxili siyasi müstəvidə, həm də qlobal səviyyədə Vaşinqton üçün proqnozlaşdırılması çətin nəticələr doğura bilər. Bu baxımdan eskalasiya daha çox taktiki alət kimi gündəmə gətirildi və nəticədə diplomatik prosesə keçid baş verdi. Cümə günü İslamabadda başlanılması gözlənilən bu danışıqları fərqləndirən digər mühüm xüsusiyyət onun ABŞ və İran arasında birbaşa aparılması olacaq. Başqa sözlə, Vaşinqton və Tehran dolayı diplomatik danışıqlardan birbaşa diplomatik danışıqlara keçir və bu dəyişiklik razılşma əldə olunmaması yolunda müsbət amil kimi şərh oluna biilər”.
Deputat bildirib ki, İran isə mövcud vəziyyəti fərqli prizmadan qiymətləndirir və hərbi əməliyyatlar müstəvisində əldə edilənin siyasi üstünlüyə çevirilməsinə çalışır. Burada da ilk nəzərdə tutulan məsələ Hörmuz boğazı üzərindəki faktiki nəzarətin de-yure təsdiq olunmasına nail olmaqdır:
“Bu kontekstdə Tehran hesab edir ki, hazırkı şəraitdə danışıqlar masasında nisbi üstünlük əldə edən tərəf kimi əyləşir. Onların irəli sürdüyü on bəndlik tələblər kataloqunun müzakirə predmeti kimi qəbul olunması belə bu üstünlüyün göstəricisi kimi təqdim olunur. Bununla belə, İran tərəfi dəfələrlə vurğulayır ki, əvvəlki danışıqlar prosesində etimad pozulub və bu faktor hələ də qalmaqdadır. Parlamentin spikeriiQalibaffın etdiyi açıqlama da buna daha bir sübutdur”.
Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflər arasında tam razılaşmadan danışmaq mümkün deyil:
“Bu, sülh deyil, məhz tənəffüs mərhələsidir. Hazırki ilkin razılaşma yalnız əsas şərtlərin razılaşdırılması üçün ümumi çərçivə xarakteri daşıyır və gələcək danışıqlar üçün baza rolunu oynayır. Məsələn, Hörmüz boğazının açılması ilə bağlı ikin razılıq əldə olunsa da, bunun müəyyən şərtlərlə əlaqələndirilməsi, yəni keçidin İranın hərbi qüvvələri ilə razılaşdırılması və texniki imkanlarla əlaqələndirilməsi məhdudiyyətlərin olduğunu göstərir”.

R.Nəbiyev xüsusilə vurğulayıb ki, ən çətin müzakirə mövzularından biri İranın uranı zənginləşdirmə məsələsidir:
“Qərb mətbuatında da qeyd olunur ki, təqdim olunan tələblər paketinin fərqli dil versiyaları arasında ziddiyyətlər var. Bu isə onu göstərir ki, hələ vahid və yekun müzakirə sənədi mövcud deyil. Belə mürəkkəb məsələlərin razılaşdırılması isə uzunmüddətli və davamlı danışıqlar tələb edir”.
Deputat xatırladıb ki, 2015-ci il nüvə sazişinin əldə olunması belə illərlə davam edən müzakirələrin nəticəsi idi və həmin dövrdə yalnız bir istiqamət müzakirə olunurdu: “Hazırkı prosesdə isə paralel olaraq bir neçə mürəkkəb məsələ gündəmdədir və hər biri müxtəlif tərəflərin ABŞ, İran və İsrailin baxış bucağından ayrıca razılaşdırılmalıdır. Bu səbəbdən qısa müddətdə yekun sülh sazişinin əldə olunması tam real görünmür”.
Onun fikrincə, müsbət məqamlardan biri danışıqlar prosesində daha praqmatik fiqurların iştirak ehtimalıdır:
“Əgər danışıqlara daha çox siyasi kompromisə meyilli şəxslər rəhbərlik edərsə, bu, prosesin irəliləməsinə müsbət təsir göstərə bilər”.

R.Nəbiyev həmçinin Pakistanın bu prosesdə oynadığı rolu xüsusi qeyd edib:
“Pakistan diplomatiyasının, xüsusilə feldmarşal Munisin vasitəçilik səyləri diqqətəlayiqdir. Pakistan yalnız regional təhlükəsizlik baxımından deyil, eyni zamanda ölkə daxilindəki sosial-siyasi balans səbəbilə bu prosesdə maraqlıdır. Əhalisinin təxminən 20 faizinin şiə olması İrandakı hadisələrin birbaşa daxili sabitliyə təsir etməsi deməkdir. Pakistan həmçinin neftə olan tələbatının 80-90 faiziini Körfəz ölkələrindən idxal edir”.
Deputat əlavə edib ki, Körfəz ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında olan siyasi, hərbi, təhlükəsizlik maraqları da bu prosesdə mühüm rol oynayır:
“Bu mərhələ gələcəkdə mümkün uzunmüddətli razılaşma üçün zəmin yaratsa da, hələlik tərəflər arasında fundamental məsələlərdə dərin ziddiyyətlər, diametral foormada maraqlar toqquşması qalmaqdadır. Yaxın Şərqin təhlükəsizlik arxitekturasında köklü dəyişikliklər olmadan, bu isə uzunmüddətli və çox mürəkkəb məsələdir, çoxsaylı regional və qlobal aktorların iştirakını özündə ehtiva edir, tam və uzunmüddətli sülh və sabitlikdən danışmaq çox çətindir. Amma bu o demək deyil ki, aralıq müddət üçün razılşama əldə etmək mümkün deyil”.
Mənbə: Modern.az
