İran islahatlara hamilədir – POLİTOLOQ

ABŞ və İran arasında əldə olunan atəşkəs regionda hərbi gərginliyin nisbi azalması ilə yanaşı, İran daxilində siyasi balansların necə dəyişəcəyi sualını da aktuallaşdırır. Xarici təzyiqin nisbətən zəiflədiyi bir şəraitdə bu prosesin ölkədaxili qüvvələr nisbətinə xüsusilə də islahatçı və mühafizəkar düşərgələr arasındakı münasibətlərə necə təsir edəcəyi əsas müzakirə mövzusuna çevrilib. Bu fonda islahatçı qüvvələrin mövqeyinin güclənməsi ehtimalı ilə yanaşı, əksinə, sərt xətt tərəfdarlarının daha da möhkəmlənməsi ssenariləri də istisna olunmur.

Digər tərəfdən, münaqişənin uzanmasının İran daxilində hakimiyyət institutlarını zəiflətməsi ilə bağlı iddialar daxili siyasi gərginliyin artıb-artmayacağı sualını gündəmə gətirir. Mövcud şəraitdə rejim daxilində parçalanma, müxtəlif güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, eləcə də din xadimləri ilə silahlı strukturlar arasında potensial qarşıdurma ehtimalı regionun gələcək sabitliyi baxımından əsas risk faktorlarından biri kimi qiymətləndirilir.

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyətə dair bəzi iddialar reallığı tam əks etdirmir və İran cəmiyyətinin daxili dinamikası daha mürəkkəb və dayanıqlıdır:

“ABŞ və İsrailin əsas məqsədlərindən biri İranda rejim dəyişikliyinə nail olmaq, eyni zamanda ölkənin raket proqramını dayandırmaq və nüvə potensialını zəiflətmək olub. Bununla yanaşı, İran daxilində separat meyllərin təşviqi də gündəmdə idi. Lakin bu planların heç biri gözlənilən nəticəni vermədi. İran cəmiyyəti bu prosesdə öz yetkinliyini nümayiş etdirdi”.

Politoloq qeyd edib ki, İran daxilində müəyyən siyasi rəqabət və fikir ayrılıqları mövcud olsa da, bu, dövlətin zəifləməsi anlamına gəlmir:

“İranda daxili ictimai-siyasi mübarizə həmişə olub və bu, həmin cəmiyyət üçün xarakterik haldır. Tarixi baxımdan da ölkə daim müəyyən gərginliklər fonunda inkişaf edib. Lakin bu, kənar müdaxilə üçün əsas sayıla bilməz” .
T.Abbasovun fikrincə, müharibə şəraitində İran cəmiyyətinin səfərbərlik qabiliyyəti və dövlət institutlarının fəaliyyəti sistemin dayanıqlığını bir daha göstərdi: 

“Hakimiyyət qolları öz funksiyalarını yerinə yetirdi, ciddi parçalanma və ya idarəetmə böhranı müşahidə olunmadı. Bu, sistemin davamlılığının göstəricisidir”.

O vurğulayıb ki, İran İslam Respublikası konstitusion idarəetmə modelinə malikdir və müxtəlif hakimiyyət qolları arasında münasibətləri tənzimləyən mexanizmlər mövcuddur:

“Burada dini institutların da öz yeri var və “vilayət-e fəqih” prinsipi dövlət idarəçiliyinin əsas sütunlarından biridir. Bu sistem daxili balansı qorumağa imkan verir”. Cəmiyyətdə dini və dünyəvi təbəqələr arasında fikir ayrılıqları mövcud olsa da, bu, təhlükəli qarşıdurma səviyyəsində deyil. Bu cür müzakirələr və ziddiyyətlər əslində siyasi sistemin canlılığından xəbər verir. Tam sükut və yekdillik olan cəmiyyətlərdə problemlər daha dərin olur” .
Bununla yanaşı, T.Abbasov hesab edir ki, müharibədən sonra ölkədə müəyyən islahatların aparılması qaçılmaz olacaq: 

“İran cəmiyyəti və dövlət sistemi islahatlara hamilədir. Gənc nəslin gözləntiləri, hüquqi və siyasi mexanizmlərin təkmilləşdirilməsi zərurəti artıq özünü göstərir. Bu proseslər yalnız sabitlik şəraitində müzakirə edilə və həyata keçirilə bilər”.

Politoloqun qənaətinə görə, hazırkı atəşkəs İran daxilində dərhal siyasi böhran və ya parçalanma yaratmayacaq: 

“Əksinə, bu mərhələ ölkə daxilində müəyyən diskussiyalar üçün imkan yarada bilər. Lakin dövlət institutlarının mövcudluğu və cəmiyyətin səfərbərlik qabiliyyəti ciddi qeyri-sabitlik ehtimalını aşağı səviyyədə saxlayır”.


Mənbə: Modern.az

Bir cavab yazın