Aktual Bu gün, 17:45 TƏBİB sistemində keyfiyyət mərhələsi başlayır!

Cənab Prezidentin müvafiq Sərəncamı ilə TƏBİB publik hüquqi şəxsin Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi və Şuraya Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisinin sədr təyin olunması, ölkədə səhiyyə idarəçiliyinə göstərilən yüksək diqqətin və strateji yanaşmanın bariz göstəricisidir.      

Bu qərar həm TƏBİB sistemində idarəetmənin daha da gücləndirilməsi istiqamətində atılan addım, həm də səhiyyə sektoruna verilən dövlət dəstəyinin davamlı və sistemli xarakter daşıdığının açıq ifadəsi kimi qiymətləndirir, eyni zamanda bu dəyişikliklər, səhiyyə sahəsində həyata keçirilən islahatların növbəti mərhələyə keçidinə dair siqnal kimi də görünür.                                                         

TƏBİB çərçivəsində son illərdə aparılan islahatlar səhiyyə sistemində struktur baxımından ciddi dəyişikliklər yaradıb. Xidmətə çıxışın genişlənməsi və idarəetmənin mərkəzləşdirilməsi artıq sistemin böyük ölçüdə tamamlandığını göstərir. Praktik səviyyədə bu yanaşma qısa müddətdə statistik uğur yaratsa da, orta və uzun müddətdə üç əsas risk formalaşdırır: pasiyent məmnuniyyətinin tədricən zəifləməsi, tibbi personalın motivasiya balansının pozulması və ümumi sistemə etimadın azalması.                                                                                                 

Digər tərəfdən, regionlar üzrə resurs bölgüsündə müşahidə olunan qeyri-bərabərlik və bəzi hallarda dərman təminatında yaranan praktik çətinliklər sistemin effektivliyini məhdudlaşdıran əsas struktur faktorlar olaraq qalır.                          

2014-cü ildən bu sahəni izləyirəm və müxtəlif mərhələlərdə aparılan dəyişiklikləri müşahidə  edirəm, icbari tibbi sığorta sistemi ölkədə əsasən xidmətin həcminə fokuslanıb və qeyd etdiyim məsələlərə diqqət artırılması arzuolunandır.                 

Ambulator və stasionar dərman təminatı sistemində prioritetlər yenidən müəyyən edilməli, qiymət və təchizat mexanizmləri daha çevik hala gətirilməlidir.   

Resursların daha effektiv istifadəsi üçün regionlar üzrə effektiv xidmət hazırlanmalı və pasiyent  yönləndirmə mexanizmi rəqəmsallaşdırılmalıdır.          

Mövcud ödəniş modeli tədricən dəyişdirilməli və nəticə əsaslı yanaşma tətbiq olunmalıdır, xidmətin keyfiyyəti qiymətləndirilməlidir.                                            

Nəticə olaraq demək olar ki, TƏBİB artıq institusional formalaşma mərhələsini keçmiş sistemdir. Növbəti mərhələ isə onun effektivlik və keyfiyyət əsaslı idarəetmə modelinə keçnək üzrədir.

Nicat Xəlilov

Əczaçılıq üzrə fəlsəfə doktoru, səhiyyə eksperti                             


Mənbə: Modern.az

Bir cavab yazın