Auditdən təsirə keçid sürətləndirilməlidir – Tahir Mirkişili

Auditdən təsirə keçid sürətləndirilməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Palatanın fəaliyyətində “auditdən təsirə” modelinə keçid sürətləndirilməlidir. Onun sözlərinə görə, hər bir audit üzrə tövsiyələr, onların icra statusu və maliyyə təsiri konkret göstəricilərlə təqdim olunmalı, yeni KPI-lar kimi bərpa edilən vəsait və qarşısı alınan israf məbləği əsas götürülməlidir.

Deputat həmçinin tövsiyələrin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsini vacib sayıb. O qeyd edib ki, bu istiqamətdə parlamentə ayrıca hesabatın təqdim olunması daha məqsədəuyğun olardı.

Tahir Mirkişili performans auditlərinin sayının əhəmiyyətli dərəcədə artırılmasını təklif edərək bildirib ki, yaxın 3 il ərzində audit portfelində bu istiqamətin payı ən azı 30–40%-ə çatdırılmalıdır. Onun sözlərinə görə, xüsusilə dövlət investisiyaları, subsidiyalar və sosial proqramlar bu auditlərin əsas fokus sahələri olmalıdır.

Tahir Mirkişili əlavə edib ki, risk əsaslı audit modelinin tam tətbiqinə nail olunmalıdır. Bu məqsədlə hər il əsas 20 fiskal risk sahəsi müəyyənləşdirilməli və audit planları bu siyahı əsasında qurulmalıdır.

Deputat çıxışında rəqəmsallaşma məsələsinə də toxunaraq data və süni intellekt əsaslı audit mexanizmlərinin tətbiqini vacib hesab edib. Onun sözlərinə görə, vergi, xəzinə və satınalma məlumatlarının inteqrasiyası real vaxt rejimində audit imkanları yarada bilər.

T. Mirkişili həmçinin hər il iqtisadiyyat üzrə əsas risk və çağırışları əks etdirən ayrıca hesabatın hazırlanmasını təklif edib.

Bununla yanaşı, deputat Hesablama Palatasının mövcud fəaliyyətini də müsbət qiymətləndirərək bildirib ki, qurum artıq fiskal siyasətə təsir edən mühüm instituta çevrilib. Onun sözlərinə görə, struktur və sistem baxımından yüksək səviyyə formalaşıb, lakin nəticəyönümlülüyün və iqtisadi təsirin daha da artırılmasına ehtiyac var.


Mənbə: Modern.az

Bir cavab yazın