UNEC APTIS modelini tətbiq edən ilk universitet oldu

UNEC-də ingilis dili üzrə tələbələrin biliyinin yekun qiymətləndirilməsi ilk dəfə olaraq Britaniya Şurasının (British Council) beynəlxalq səviyyədə tanınan APTIS sistemi əsasında təşkil olunub. Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə tətbiq edilən bu model tələbələrin xarici dil biliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsinə və nəticələrin beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.

Modern.az xəbər verir ki, imtahanın ilk günündə UNEC-in rektoru professor Ədalət Muradov, Britaniya Şurasının Azərbaycan ofisi üzrə direktoru Nərgiz Hacıyeva və media nümayəndələri imtahan prosesini izləyib, tələbələrlə görüşərək onların fikirlərini öyrəniblər.

Jurnalistlərə açıqlama verən rektor Ədalət Muradov bildirib ki, UNEC-də xarici dil fənni iki il müddətində tədris olunur və bu proses dinləmə, oxuma, yazma və danışıq bacarıqlarını əhatə edir. Onun sözlərinə görə, bu ildən etibarən ikinci kurs tələbələrinin xarici dil biliyinin yekun qiymətləndirilməsi Britaniya Şurası tərəfindən APTIS formatında həyata keçirilir.

Rektor qeyd edib ki, minimum B1 səviyyəsində nəticə göstərən tələbələr imtahandan uğurla keçmiş hesab olunacaq və beynəlxalq səviyyədə tanınan APTIS sertifikatı əldə edəcəklər. O vurğulayıb ki, bu yanaşma Azərbaycan, rus və türk dillərində təhsil alan tələbələrin də ingilis dili səviyyələrinin yüksəldilməsinə xidmət edəcək.

Ədalət Muradov Azərbaycan dilində təhsilin UNEC-in əsas prioritetlərindən biri olduğunu da diqqətə çatdıraraq bildirib ki, universitetin məqsədi Azərbaycan dilində yüksək keyfiyyətli təhsil modelini formalaşdırmaqdır.

Müəllimlərin xarici dil hazırlığından danışan rektor universitetdə bu istiqamətdə güclü potensialın yaradıldığını qeyd edib. Onun sözlərinə görə, UNEC-də fəaliyyət göstərən 117 xarici dil müəlliminin 95 faizi beynəlxalq xarici dil sertifikatına malikdir.

Rektor həmçinin bildirib ki, növbəti tədris ilindən etibarən tələbələrə ingilis dili fənni iki il ərzində eyni müəllim tərəfindən tədris olunacaq. Bu yanaşma həm tələbənin inkişaf dinamikasını izləməyə, həm də müəllimin fəaliyyətini daha obyektiv qiymətləndirməyə imkan verəcək.

UNEC məzunlarının rəqabətqabiliyyətliliyində xarici dil biliklərinin mühüm rol oynadığını vurğulayan Ədalət Muradov əsas məqsədlərdən birinin tələbələrin xarici universitetlərdə mübadilə proqramlarında iştirakını və nüfuzlu ali məktəblərdə magistratura təhsili almalarını təşviq etmək olduğunu bildirib.

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva isə UNEC-də APTIS imtahanının keçirilməsini tərəflər arasında əməkdaşlığın uğurlu davamı kimi qiymətləndirib. O bildirib ki, imtahanda 3500-dən çox tələbə iştirak edir. Nəticələr 72 saat ərzində açıqlanacaq və iştirakçılar onları onlayn qaydada əldə edə biləcəklər.


Mənbə: Modern.az

Bir cavab yazın