“24 illik əbədiyyət” kitabının təqdimat mərasimi keçirilib
Bu gün Ərtoğrol Cavidin dünyaya gəlməsinin 105 illiyi münasibətilə Hüseyn Cavidin Ev Muzeyində filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının “24 illik əbədiyyət” adlı yeni çap olunmuş kitabının təqdimat mərasimi keçirilib.
Kitab cəmi iyirmi dörd il yaşamasına baxmayaraq, adını mədəniyyət tariximizə həkk etdirmiş Ərtoğrol Cavidin ömür salnaməsi haqqındadır. Bura müəllifin 2011-2024-cü illər ərzində Ərtoğrol Caviddən bəhs edən “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi”, “Ərtoğrol Cavidin folklorşünaslıq fəaliyyəti”, “Sinkretik təfəkkürlü araşdırıcı” və s. kimi məqalələri daxil edilib.
Sonra muzeyin əməkdaşları Cəmilə Rzayeva, Jalə Zeynalova, Laçın Kəngərli Ərtoğrol Cavidin həyat və yaradıcılığından bəhs ediblər.
Tədbirdə istedadlı gəncin çoxyönlü fəaliyyətindən bəhs edən çıxışçılar Ərtoğrol Cavidin doğumunun 105 illiyi münasibətilə “Eqoistin taleyi” adlı pyesinin alman və ingilis dillərinə tərcümə edilərək nəşrə hazırlandığını bildiriblər.
Sonda tədbir iştirakçıları Ərtoğrol Cavidə həsr edilmiş sərgi ilə tanış olublar.