ANALİTİK MƏQALƏLƏR

8 noyabr gücümüzün təzahürüdür

8 noyabr 2020-ci il tarixində Rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. İgid əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.

Azərbaycan xalqının qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm Zəfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 8 noyabrın tarixi Zəfər Günü elan edildi. 14 yanvar 2021-ci ildə isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.

Dövlət başçımız İlham Əliyev 31 iyul 2023-cü il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sözügedən Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.

Xan qızı Natəvanın, Böyük Üzeyirin, əvəzsiz və bənzərsiz səsli Bülbülün və Xanın yurdu Şuşanın azad edilməsi əməliyyatı haqlı olaraq Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biri sayılır. Bu hərbi əməliyyat dostun da, düşmənin də şahidi olduğu reallıqdır. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri bütün dünyanın gözü qarşısında mümkünsüz görünəni mümkün etdilər. Dünyanın ən məşhur siyasətçiləri Milli Ordumuzun hünərinə heyran qalmışdılar. Şuşa uğrunda ölüm-dirim savaşı ilə bağlı adlı-sanlı hərbi strateqlər heyrətlərini bu gün də gizlədə bilmirlər!

Şuşa Günü həm də Zəfər Günümüzdür! Bayramın mübarək, əziz Şuşam! Bayramın mübarək, Azərbaycan!

Qarabağın gözü Şuşa təkcə bizim üçün deyil, bütün türk xalqları üçün əziz və müqəddəs bir məkandır. Şuşa Turanın dostluq və qardaşlıq rəmzinə çevrilib. Təsadüfi deyil ki, 2020-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar.

Türkiyə Prezidenti bu tarixi məqamda deyib: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır!”.

Ötən əsrin 70-ci illərində Şuşa şəhərinin sürətli inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şuşanın inkişafına dair xüsusi qərarlar məhz Ümummilli liderin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan onjn quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

2 il əvvəl Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası istiqamətində uğurlu layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, eləcə də buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

 

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir