ELMİ DİİASPORA AA

Ziya Musa oğlu Bünyadov (24 dekabr 1921 və ya 1923– 21 fevral 1997)

Ziya Musa oğlu Bünyadov Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı[2], Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi.

O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən qətlə yetirilmişdir.

Həyatı
Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur.[3] Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi.[3] O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı.[3] Onun anası – Lənkəranın Liman şəhərində doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.[3]

Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb.[3] Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi.[3] Ziya Bünyadov özü haqqında dediklərindən:

” Atam azərbaycanlı, anam rusdur… Mənim əsl adım Ziyavuddin, atam – şeyx Musa, babam – şeyx Məsum, atamın babası – şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm…Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır – Büned.[4] ”
Erkən illəri
Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi.[3] Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi.[3] 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi.[3] Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S. Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir.[3] 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.[3]

Hərbi illəri

Ziya Bünyadov medalları ilə
Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər.[3] O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi.[3] Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.[3]

O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi.[3] Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi.[3] Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.[3][5]

Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı.[3] Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu.[3] Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi.[3] O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.[3]

Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilisa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.[3] Təltif vərəqindən:

” Kapitan Z.M.Bünyadovun 123-cü əlahiddə ordu rotası 1945-ci il yanvar ayının 14-16-da düşmənin Manquşevsk sahəsindəki müdafiə xəttinin yarılmasında iştirak etmiş, məharətli komandanlıq nəticəsində Domburovki kəndinin cənub kənarından və dəmir yolu xəttindən keçərək yanvarın 14-də Pilitsa çayını birinci keçmiş, sol sahildə ələ keçirdiyi döyüş mövqeyini 89-cu qvardiya diviziyasının əsas atıcı hissələrinin gəlib çıxmasına qədər saxlamışdır. Rota düşmənin 160 əsgər və zabitini öldürmüş, 45 əsgərini əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimətlər ələ keçirmişdir… Rota komandiri kapitan Z.M.Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.[3] ”
1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.[3]

Elmi fəaliyyəti

Anar və Ziya Bünyadov
Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləmişdir.[3] Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunmuşdur.[3]

Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir.[3] Ziya Bünyadov 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib həmin ilin avqustunda Bakıya qayıtmışdır.[3] Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.[3]

1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir.[3] 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olmuşdur.[3] 1964-cü ildə o, “Azərbaycan VII–IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almış, 1965-ci ildə isə onun eyniadlı monoqrafiyası çap olundu.[3]

1960-cı illərin ikinci yarısında Azərbaycanın 150 il əvvəl Rusiyanın tərkibinə necə daxil olması haqqında elmi mübahisələr gedirdi.[6] Bununla belə, 1964-cü ildə qərar qəbul edilmişdi ki, bir əsr yarım öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olub.[6] Hətta bu, bir bayram kimi qeyd edilmişdi.[6] Həmin münasibətlə Azərbaycan Lenin ordeni ilə təltif olunmuşdu.[6] 1967–1968-ci illərdə Ziya Bünyadov artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü atılmayıb.[6] Odur ki, tarixi həqiqəti demək lazımdır.[6]

Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərini ortaya qoyub.[6] O, bolşevizm terroru nəticəsində 20–30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxararkən, 1937-ci ilin qurbanlarını xalqa tanıtdırarkən, onlara bəraət qazandırarkən, adlarını tarixdə bərpa etdirərkən və beləliklə, o dövrü doğru-düzgün işıqlandırarkən də əsl hünər göstərib.[6] Heydər Əliyev Ziya Bünyadovun fəaliyyətinin bu dövrünü də yüksək dəyərləndirib:

” Ziya Bünyadovun xidmətləri çoxdur və onun ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, 80-ci illərin axırlarında – 90-cı illərin əvvəllərində o, bir daha böyük alim kimi, tədqiqatçı kimi Azərbaycanın açılmamış arxivlərinə bir daha getdi, o arxivlərdən Azərbaycan tarixinin XX əsrə aid səhifələrini açdı, tədqiq etdi, öz kitablarında, dövri mətbuatda yazılar verdi və beləliklə də, əgər əvvəllər Azərbaycan tarixinin orta əsrlərə aid çox mühüm dövrlərini elmi əsərlərində işıqlandırdısa, açdısa, göstərdisə, son illərdə özünü buna həsr etdi. O cümlədən, ilk Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində gedən prosesləri də, o dövrü də doğru-düzgün tədqiq edənlərdən biri də Ziya Bünyadovdur.[6] ”
1965-ci ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor dərəcəsi verilmişdi.[3] 1966-cı ildən başlayaraq o, Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olmuşdur.[3] Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə, həmin ildə Türk Tarix Kurumunun müxbir üzvü, 1988-ci ildə isə onun fəxri üzvü seçilmişdir.[3]

1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 21 aprel 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[3] Bünyadov 1970-ci ildə “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” jurnalının baş redaktoru vəzifəsinə təyin olunmuşdu.[3] 1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu.[3]

O, Xilafət və Azərbaycanın VII–XIII əsrlər tarixinin tədqiqatçilarından biri idi.[3] Bünyadov alban tarixçisi M. Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə. Bakuvinin “Abidələr’in xülasısi və qüdrətli hökmüdarın möcüzələri” 1971-ci ildə və Nəsəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə Ərəb dilindən rus dilinə tərcümə etmişdir.[3]

SSRİ üzrə səyahətlərində gənclər arasında hərbi-vətənpərvərlik işinə göstərdiyi dəstəyə görə 1976-cı ildə SSRİ ODKYC-nin Fəxri nişanı ilə təltif olunmuşdu.[3] Bünyadov 1980-ci ildə isə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü seçilmişdir.[3] O, ensiklopediya üçün Azərbaycan tarixinə aid çoxlu sayda məqalələr yazmışdır.[3] Mənbələrin tədqiqini davam etdirən akademik Bünyadov yeni kitabı – “Azərbaycan Atabəyləri dövləti. 1136–1225-ci illər” üzərində işləməyə başlayır.[3] 1978-ci ildə monoqrafiya çapdan çıxdıqdan sonra çoxlu müsbət rəylər və yüksək qiymət alır.[3] Onun bu əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.[3]

Bünyadov 1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olundu.[3][7] O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərmişdir.[3] 1982-ci ildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilmişdir. O, 1988–1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.[3]

1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır.[3] Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür.[3] 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.[3]

Bünyadov 1991-ci ildə “Gülüstani-İrəm” əsərini ön söz və şərhlərlə çap etdirmiş və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülmüşdür.[3]

İmadəddin Nəsimi haqqında fikirləri
Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib.[8] O, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları yalnız türk alimi Abdülbaqi Gölpınarlının “İslam ensiklopediyasında”kı “Nəsimi” adlı məqaləsindən götürüb və bununla da kifayətlənirməkdə ittiham edib.[8] Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir.[8] Məlumatın mətni belədir:

” Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır.[9] ”
Tənqidi
Tomas de Vaal “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında yazır ki, Bünyadov ermənilərin cənubi Qafqazda onlarla kilsə tikməsini, albanların ermənilərin əcdadları olmasını inkar edib, həmin abidələrin ermənilərlə əlaqəsi olmayan xristian albanlara məxsus olması fərziyyəsini irəli sürüb.[10] Britaniyalı jurnalist “həmin abidələrin üstündəki yazıların ermənicə olduğunu” iddia edir.[10]

Plagiat iddiası
Tomas de Vaalın sözlərinə görə, Bünyadovun 1960-cı və 1964-cü illərdə dərc olunan iki məqaləsi (Mxitar Qoşun “Albaniya Tarixi” və “Musa Kagankatsvatsinin “Aqvan Tarixi””[11] xronoloji uyğunsuzluğu haqqında” haqda ön sözü və şərhləri), ABŞ alimləri C. F. J. Dowsett-in “The Albanian Chronicle of Mxitar Gosh” (1958) və Robert Hewsen-in “On the Chronology of Movses Dasxuranc’I” (1954)[12] məqalələrinin (müəllif göstərilməmiş tərcüməsi) plagiatıdır. Qeyd etmək lazımdır ki, Bünyadov “Albaniya Tarixi” məqaləsinin ön sözündə salnamənin mətni Dausettin nəşrinin tərcüməsidir, və həmçinin, bu nəşrin istinadlarını təqdim edir, lakin ön söz və şərh müəllif kimi verilmişdir.[13]

Mənbələrin saxtalaşdırılması iddiası
Villem Flor və Həsən Cavadi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin tərcüməsinin təhrifinin saxtalaşdırmasında Bünyadovu günahlandırmışdılar.[14] Gürcü tarixçisi G. Beradze Bünyadovu Fələki Şirvani haqqında olan işini Hindistanlı şərqşünas Hassan Hadidən plagiat edilməsində günahlandırıb.[15]

Ermənistan tarixçiləri Bünyadovun işlərində sitatların əyriliyi haqqında nümunələr göstərmişlər.[16][17][18] A. Marqaryan Bünyadovun “Albaniya Tarixi” kitabında Dausettin ön söz və şərhlərinin səhv tərcüməsində günahlandırır.[19] Marqaryana görə, Bünyadov ingilis dilindən rus dilinə “Whit Sunday” (Müqəddəs Üçlüyün günü) “Ağ Bazar günü” (White Sunday) kimi səhv tərcümə etmişdir.[19]

Kaliforniya Universtitetinin erməni əsilli professoru Barlou Ter-Murdeçiyanın “Two chronicles on the history of Karabagh” kitabında, Ziya Bünyadovu tarixçi Mirzə Camal Cavanşir Qarabaği və Mirzə Adıgözəl bəyin qeydlərinin mənbələrinin saxtalaşdırılmasında günahlandırıb.[20]

Kolumbiya Universitetinin erməni əsilli professoru Corc Burnutyan, Bünyadovu Yohan Şiltbergerin səyahətində, ermənilər haqqında qeydlərin “albanlar” haqqında qeydlərlə əvəz olmasında və sistematik “təmizlənməsində” ittiham etmişdir.[21]

V. A. Şnirelman Bünyadovu mənbələrin saxtalaşdırılmasında günahlandırıb.[22] O, həm də Bünyadovu Ermənistan və Azərbaycan tarixinə aid (xüsusilə qədim Albaniya) revizionist, milliyyətçi və siyasi motivli anlayışların inkişafında, Bünyadovu Azərbaycan tarixşünaslığında bu istiqamətdə əsas yaradıcılarından biri kimi ittiham etmişdir.[23]

İctimai-siyasi fəaliyyəti
1990-cı illərdə Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri idi.[6] Ziya Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab vermişdir.[6] Siyasətçi Siyavuş Novruzovun sözlərinə görə, Bünyadov 1994-cü ildə Əkrəm Əylislinin erməni olduğunu iddia etmişdi.[24]

1992-ci ildə Bünyadov Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri idi.[25] 1992-ci ildə Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdir.[3] 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir.[3]

Sumqayıt hadisələrinin səbəbləri haqqında fikirləri
1988-ci ildə olan Sumqayıt hadisələrinin mahiyyəti ilə bağlı Azərbaycan mətbuatında akademik Ziya Bünyadov “Niyə Sumqayıt?” məqaləsində baş vermiş hadisələrin əsl mahiyyətini aşkara çıxarmağa çalışıb.[26] O, Moskvanın qızışdırıcı rolundan bəhs edərək SSRİ EA Afrika İnstitunun direktor müavini A. M. Vasilyevin aşağıdakı sözlərini misal gətirir:

” “Əgər biz jurnalın (“Narodı Azii i Afriki”) tirajını artırmaq istəsək, bunu eləmək çox asandır: azərbaycanlıların və ermənilərin etnogenezi haqqında iki məqalə çap etmək lazımdır. Digər “yağlı” kökələr də tapmaq olar”.[26] ”
Tomas de Vaala görə:

” 1989-cu ilin may ayında Azərbaycan Elmlər Akademiyasının o vaxtki prezidenti, ən məşhur azərbaycanlı ermənifob və tarixçi Ziya Bünyadov basqınları inkar edən ən tutarlı versiya irəli sürdü. “Nə üçün Sumqayıt?” adlı məqaləsində o, belə bir nəticəyə gəlmişdi ki, ermənilər Azərbaycanı nüfuzdan salmaq və erməni millətçi hərəkatına təkan vermək məqsədilə özləri Sumqayıt basqınlarını törtətmişdilər. Bünyadov yazırdı: “Erməni millətçiləri Sumqayıt faciəsini dəqiqliklə hazırlamışdılar. Onun başlanmasına bir neçə saat qalmış televiziyanın erməni foto-müxbirləri və çəkiliş qrupu gizlicə şəhərə gəlib, tam hazır vəziyyətdə hadisələrinin inkişafını gözləməyə başladılar. İlk cinayəti Qriqoryan adlı şəxs törətmişdir. Özünü azərbaycanlı kimi qələmə verən Qriqoryan Sumqayıtda beş ermənini öldürdü.[27] ”
Bünyadovun sözlərinə görə:

” “Nə üçün Sumqayıt? Ona görə ki, daşnaklarda yenidən, ozü də neçənci dəfə, rəssam Vereşşaginin “Müharibənin apofeozu” əsərini “erməni kəllələrilə” müasir fotoqrafiyaya çəvirmək istəyi vardı.[28] ”
De Vaala görə, Bünyadovun məqaləsi o qədər xoşagəlməz idi ki, hətta ermənilər onu nəşr etmişdi.[29] Ziya Bünyadov eyni zamanda üzə çıxarmışdı ki, Bakı və Sumqayıta erməni emissarlarının gəlməsi, fevral ayında ermənilərin banklardan əmanətlərini çıxarması ilə bağlıdır.[30]

Qətli
Ziya Bünyadovun Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il
1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.[31] Qətlindən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirmişdi.[32] Bu sənədlər haqda parlamentin qapalı toplantısında həmkarlarına məlumat verdiyi də deyilir. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir.[33][34]

23 fevral 1997-ci il Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vidalaşma mərasimi keçirilmişdi.[35] Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vidalaşma mərasimindən nitqindən:

” Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi.[35]’ ”
1997-ci ildə Bakıda yerləşən Fəxri Xiyabanda dəfn edilib.

Şəxsi həyatı
Başında araxçına bənzər papaq gəzdirməyi sevirdi.[6] Dənizin qoynunda xəyala dalmaq onun çox sevimli adəti idi.[36]

Ailəsi
1947-ci ildə Ziya Bünyadov Tahirə Bünyadova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[37][38] Onun Heydər və Cəmil adlı oğlu var idi.[38]

Ziya Bünyadov barədə olan fikirlər
Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Azərbaycanın ən təcrübəli şərqşünaslarından biri olan Ziya Bünyadov barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir neçəsi aşağıdakı kimidir:
“O, öz varlığı ilə elə bir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik.” — Heydər Əliyev[6]
“Onu haqlı olaraq “bilik xəzinəsi” adlandırırdılar. O, orta əsrlər və mənbəşünaslıq üzrə elmi məktəbin banisi idi.” — Ziyad Səmədzadə[36]
“Olduqca zəhmətkeş idi. Onun əqli qabiliyyəti məni elə valeh edirdi ki, özlüyümdə onu ən müasir kompüterə bənzədirdim.” — Gövhər Baxşəliyeva[37]
“Ziya Bünyadov xalqımızın düşmənlərinin qarşısında birmənalı olaraq həmişə düzgün mövqe tutması ilə seçilirdi.” — Yaqub Mahmudov[37]
İrsi

Ziya Bünyadovun yaşadığı binada ona həsr olunmuş xatirə löhvəsi
Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 nömrəli tam orta məktəb, Göyçay şəhərində 3 nömrəli tam orta məktəb və küçə onun adını daşıyır.[39][40][41][42]

2012-ci ildə Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş Bakı Dövlət Universitetində “Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir” mövzusunda respublika elmi konfransı keçirilib.[43][44] Həmin il 20 – 25 dekabr tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-nin atıcılıq tirlərində onun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilmişdir.[45]

2015-ci il mayın 14-də Bakıda Ziya Bünyadovun “Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097–1231” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi keçirilib.[46]

Təltif və mükafatları
1942 — SSRİ İgidliyə görə medalı[3]
1942 — SSRİ Aleksandr Nevski ordeni[3]
1942 — SSRİ “Stalinqradın müdafiəsinə görə” medalı[3]
1944 — SSRİ “Qafqazın müdafiəsinə görə” medalı[3]
1945 — SSRİ Sovet İttifaqı Qəhrəmanı[3]
1945 — SSRİ I dərəcəli Vətən Müharibəsi Ordeni[3]
1945 — SSRİ “Qırmızı Ulduz” ordeni[3]
1945 — SSRİ Lenin ordeni[3]
1945 — SSRİ Qırmızı Bayraq ordeni[3]
1945 — SSRİ “Oktyabr inqilabı” ordeni[3]
1945 — SSRİ III Dərəcəli Boqdan Xmelnitski ordeni[3]
1945 — SSRİ “Berlinin alınmasına görə” medalı[3]
1945 — SSRİ “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı[3]
1946 — Almaniya “Vaffenbruderşaft” medalı[3]
1946 — Almaniya Artur Bekker medalı[3]
1965 — SSRİ “1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı[3]
1975 — SSRİ “1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı[3]
1982 — SSRİ Azərbaycan SSR əməkdar elm xadimi[47]
1983 — SSRİ SSRİ XTNS-in gümüş medalı (elmdə qazandığı nailiyyətlərə görə)[3]
1985 — SSRİ “1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı[3]
1993 — Azərbaycan Abbasqulu ağa Bakıxanov adına mükafat[3]
1998 — Azərbaycan “İstiqlal” ordeni (ölümündən sonra)[3]
Fəxri vətəndaşlıq
1985 — Almaniya Berlinin Pankov rayonunun Fəxri vətəndaşı[3]
1988 — Özbəkistan Ürgənc şəhərinin ilk Fəxri vətəndaşı[3]
1993 — Azərbaycan Astara şəhərinin Fəxri vətəndaşı[3]
1994 — Azərbaycan Göyçay şəhərinin Fəxri vətəndaşı[3]
Biblioqrafiya
Əsərləri
Азербайджан в VII–IX вв. Автор: Зия Мусаевич Буниятов; Редактор: Зелик Иосифович Ямпольский. Баку: Издательство Академия наук Азербайджанской ССР, 1965, 383 стр.
Azərbaycan Atabəylər dövləti (1136–1225-ci illər). Rus dilindən tərc. ed. C. V. Qəhrəmanov. Bakı: AMEA Şərqşünaslıq İnstitutu, “Elm”, 1985.
Azərbaycan VII–IX əsrlərdə. Rus dilindən tərcümə edənlər: Cabbar Cabbarov və Həsən Əlizadə. Bakı: “Şərq-Qərb”, 2007, 424 səhifə. ISBN 9789952340853
Dinlər, təriqətlər, məzhəblər (ensiklopedik soraq kitabı). Bakı: “Şərq-Qərb”, 2007.
Qırmızı terror. Bakı: “Azərnəşr”, 1993.
Xarəzmşahlar-Anuştəkinilər dövləti.[48]
Məqalələri
Babək və Bizans.[49]
Şəki qalasının yeri haqqında təzə məlumatlar.[49]
Bəzz qala-şəhərinin lokalizasiyası barədə.[49]
“Mingəçevir” adı haqqında.[49]
“Xürrəm” sözü barədə.[49]
Əbu Həccah haqqında bir neçə söz[50]
Quranın 36-cı yasin surəsi haqqında bir neçə söz[50]
Mxitar Qoşun Alban Xronikası[50]
Kaqan titulu haqqında[50]
Qarapapaqlar[50]
MİFLƏR VƏ MİFUYDURANLAR[51]
Tüfeyillik edən qeyri formalar[51]
Niyə Sumqayıt olaylarının analizi[51]
Gevorq Eminin məcburi mükaliməsi haqqında[51]
Publisistika
Hansı Naxçıvan?[52]
“Şah İsmayıl”, yaxud Xətai[52]
Xalqın rəhbəri[52]
Kimdir günahkar?[52]
Maraqlı təqdiqat əsəri[52]
Tərcümələri
Moisey Kalankatuklu “Alban tarixi”. Mxitar Qoş “Alban salnaməsi” Mətn. Bakı: “Avrasiya press”, 2006.
əl-Bakuvinin “Kitəb təlxisi-l-əsər” (1971)[48]
ən-Nəsəvinin “Sultan Cəlaləddin Məngburnunun həyatı” (1973)[48]
əl-Hüseyninin “Əxbəru-d-dauləti-s-səlcuqiyyə”(1980)[48]
İbn Əsəm əl-Kufinin “Fəthlər kitabı” (1981)[48]
Mixail Kolosov. Vəzifədə Mətn [ölü keçid][53]