Görmə qüsurlu insanlar üçün “ağıllı əsa” hazırlanıb
Stanford Universitetinin tədqiqatçıları görmə qüsurlu insanların təhlükəsiz şəkildə hərəkət etmələri üçün özü-özünü idarə edən “ağıllı əl ağacı” hazırlayıblar. Yeni cihaz indiyə qədər hazırlananlardan özünəməxsus funksionallığı və sərfəli qiyməti ilə fərqlənir. Mühəndislərin hazırladıqları cihaz “Science Robotics” jurnalında təsvir edilmişdir.
Cihazın hazırlanmasında istifadəçinin təhlükəsizliyi məqsədilə maneələr arasındakı məsafəni ölçmək üçün avtomobillər, təyyarələr və arxeoloji qazıntılarda tətbiq edilən, yüngül lazer texnologiyası olan LİDAR sensorundan istifadə edilmişdir. Çəkisi cəmi 3 kiloqram ağırlığında olan əl ağacı indiyə qədər hazırlananlarla müqayisədə həddindən artıq yüngüldür. Qeyd edək ki, əvvəlki cihazın çəkisi təxminən 22,6 kiloqram civarında idi. Cihaz akselerometr, maqnitometr və istifadəçinin mövqeyini, sürətini, istiqamətini izləyən giroskoplarla təchiz edilmişdir. Çubuğun ucuna quraşdırılmış motorlu, çoxyönlü təkər elektrikli skuterdə gəzmək üçün nəzərdə tutulub.
Tədqiqatçılar hazırladıqları cihazın görmə əngəlli insanlar üçün əvvəlkilərlə müqayisədə həm qiymətinin münasib olması ilə, həm də funksionallığına görə sərfəli olacağına ümid edirlər. Qeyd edək ki, əvvəlki cihazın qiyməti 6000 dollara başa gəlirdi. Yeni cihazın dəyəri cəmi 400 dollar olmaqla əvvəlkindən qat-qat ucuzdur.