ELMİ DİİASPORA AA

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək…

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan “Xristian kilsəsinin parçalanması”nı oxuculara təqdim edirik.

“Respublika”.

Xristian kilsəsinin parçalanması

İnsanlıq mövcud olandan bəri din insanların həyatının ayrılmaz parçasına çevrilmiş, əhəmiyyətli mövqe kəsb edərək bəşəriyyətin təkamülündə böyük rol oynamışdır. İnsanlar həyatlarını din ilə tənzimləmiş, səbir, əzm, təmkin nümayiş etdirərək müəyyən  çətinliklərə məhz onun sayəsində sinə gərmişlər. Demək olar ki, bütün insani keyfiyyətlər də məhz dindən qaynaqlanmışdır.

Tarixə nəzər yetirsək görərik ki, insanlıq dini hər hansı şəkildə olur-olsun sorğulamadan qəbul etmiş, onun qaydalarına riayət etməyə çalışmışdır. Zaman-zaman meydana gələn dinlər insanların həyatında motivasiya qaynağı olaraq  onların mənəvi ehtiyacını təmin edən fenomen rolunu oynamışdır. Bəşəriyyətin dünyagörüşü, mədəniyyəti, həyata baxışı və təfəkkürünün  formalaşmasında mühüm əhəmiyyət kəsb etmiş belə dinlərdən biri də xristian dinidir. Dünyanın aparıcı dinlərindən biri hesab edilən bu din yaranması, daha sonralar isə bir neçə cərəyana bölünməsi ilə  tarixin axarına təsir edərək bugünkü həyat tərzimizi dəyişdirmişdir.

Fələstin torpaqlarında yaranan xristianlığın  ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etmişdilər.  Sonralar bu təlim bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü təkcə yəhudi ənənələri ilə məhdudlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin də təsiri altına düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqət və cərəyanlar fəaliyyət göstərmiş və sonda  xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin zaman-zaman baş verən bütün bu  ziddiyyətli məqamlara baxmayaraq,  dünyanın aparıcı  dinlərindən birinə  çevrilmişdir.

858-ci ildə Konstantinopol (indiki İstanbul)  kilsəsinin patriarxı vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı gün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (İgnatius)  ixtilafdan sonra vəzifəsindən getmişdi. Lakin onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Lakin onlar Roma papazına müraciət edərək, 861-ci ildə daha bir Kilsə Məclisinin yığılmasına nail olmuşdular. Bu dəfə də onların mövqeyi pislənmişdi.

Daha sonra isə Roma papazı Nikolas 863-cü ildə hər iki kilsə məclisinin qərarlarını etibarsız elan etmişdi. Bu isə  Qərb və Şərq kilsələrinin parçalanmasına zəmin yaratmışdı. Papaz Nikolas bu addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və  Kilsəni Bizans patriarxlarının hakimiyyətindən almaq üçün atmışdı. Əslində isə, xristian Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma papazları, həm də Konstantinopol patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət isə getdikcə dərinləşirdi. Papaz Nikolasın  hərəkətinə cavab olaraq, patriarx Fotiusun tərəfdarları 867-ci ildə Konstantinopolda daha bir Kilsə Məclisi çağırdılar. Orada papaz Nikolasın vəzifədən azad olunması haqqında qərar qəbul edildi. Lakin bundan sonra Bizansda saray çevrilişi baş verdi və nəticədə isə Fotiusun özü vəzifəsindən devrildi.

Daha sonra 869- 870-ci illərdə Romanın təkidi ilə Konstantinopolda daha bir Kilsə Məclisi yığılmış, məclisin qərarı ilə Fotius kəskin surətdə pislənib, vəzifəsindən azad edilmişdi. Baxmayaraq ki, Fotius  böyük nüfuza malik idi, lakin onun yerinə  Konstantinopol patriarxı vəzifəsinə İqnatius təyin edildi. 877-ci ildə isə  İqnatiusun ölümündən sonra, o yenidən patriarx olmuşdu.

Bundan sonra,  880-ci ildə daha bir Kilsə Məclisi yığılmış və bu məclisdə papaz Nikolasın nümayəndələri onun taxtdan salınmasına görə Fotiusun ondan  üzr istəməsini tələb etmişdilər. Lakin Fotius üzr istəməmişdi. Bu Məclisdə Şərq kilsəsinin nümayəndələri Qərbdə yayılmış bəzi inancları və ayinləri də pisləmişdirlər. “Filioque” adlanan inanc xüsusilə pislənmişdi. Məsələ bundadır ki, Şərqdə və Qərbdə Kilsə ənənələri, bəzi ayinlər, bir-birindən fərqlənirdi. Bu amil də Kilsənin parçalanmasında müəyyən rol oynamışdı.

Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, xristianlığın ehkam və inanclarının əsasları da Qərb və Şərq kilsələrinin mübahisə obyektinə çevrilmişdir. Məlum olduğu kimi, xristianlar Tanrının üç sifətdən ibarət olduğunu iddia edirlər. Bu sifətlərin üçüncüsü olan Müqəddəs Ruh həyatverici keyfiyyətlərə malik olan sifətdir. Onun Atadan və ya Oğuldan çıxması haqqında gərgin mübahisələr kilsənin əqidə nöqteyi-nəzərindən parçalanmasına gətirib çıxarmışdı. Qərbdə Ambrosius, Hiyeronimus, Avqustinus kimi kilsə ataları, Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (latınca filioque) iddia edirdilər.

VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque xristian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Buna dəlil olaraq İsanın “Müqəddəs ruhu qəbul edin” sözləri misal gətirilirdi. Lakin Şərq Kilsəsi filioqueni qəbul etməmişdi. Onların fikrincə, Müqəddəs Ruh Oğuldan deyil, yalnız Atadan çıxa bilərdi. Qərb atalarının filioque haqqında dediklərini isə Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər.

Bu mübahisələrin sonu olaraq Qüdsdə 807-ci ildə Şərqi və Qərbi təmsil edən keşişlərin arasında ixtilaf baş vermişdi. Buna cavab olaraq, Qərbi Roma imperatoru Böyük Karl (Carolus Magnus) 809-cu ildə daha bir Kilsə Məclisini çağıraraq filioqueni bir daha təsdiq etdirdi və şərqlilərin ifadəsini (yəni Müqəddəs Ruhun Oğuldan deyil, yalnız Atadan çıxmasını) rədd etmişdi. Kilsə Məclisinin qərarları, öz növbəsində, şərqlilər tərəfindən qəbul edilməmişdi. Patriarx Fotiusun fikrincə, filioquenin simvola əlavə edilməsi xristian dinini məzmunca dəyişmək demək idi. Fotiusa görə, Oğlunun Atadan törəməsi kimi, Müqəddəs Ruh da Atadan çıxır. Əgər Ata Ruhu harasa yönəltmək istəsə, Ona Oğul lazım deyil. Daha sonra Fotius yazırdı ki, İsanın Əhdi-Cədiddəki  (Bibliyada əhd mənasını verir) sözləri yalnız onun dünyada yaşadığı dövrə aiddir, əbədiyyata yox. Yəni İsa dünyada yaşayarkən, Ata, Müqəddəs Ruhu onun vasitəsilə dünyaya endirirdi. İsa dünyadan gedəndən sonra isə, Ata, Müqəddəs Ruhu dünyaya vasitəsiz endirir.

Bolqarıstan üzərində Qərb və Şərq kilsələri arasında gedən mübahisələr isə sonda Şərq Kilsəsinin xeyrinə həll olundu. Bolqarıstan kilsəsi Konstantinopolun nəzarəti altına keçdi.

X əsrdə də Qərb və Şərq kilsələri arasında sülh əldə edilməmişdi. Konstantinopol keşişləri Roma papazına yalnız müstəsna hallarda müraciət edirdilər. Bu amil isə kilsələri biri-birindən daha da uzaqlaşdırdı.

XI əsrdə isə Qərb və Şərq kilsələri arasında münasibətlər bir qədər də  fəallaşmışdı, lakin bu fəallaşma sonda onların parçalanması ilə nəticələnmişdir. O dövrdə Roma papazı olan IX Leo Cənubi İtaliyada Konstantinopol patriarxının tabeçiliyində olan kilsələrdə Qorb (lat) ayinlərinin icra olunmasını tələb etmişdir (qeyd olunduğu kimi, Qərb kilsələrinin bəzi dini ayinləri Şərq ortodoks ayinlərindən fərqlənirdi). Öz növbəsində Konstantinopol patriarxı Mixael Kelluarios (Michael Cerullarios) Konstantinopolda papazın tabeliyində olan kilsə və monastırların bağlanması haqqında sərəncam vermişdir.

Vəziyyətin gərginləşməsini görən Bizans imperatoru Konstantine Monomaxus (Constantine Monomachus) Qərblə münasibətlərini pozmaq istəmirdi. O, papaz ilə danışıqlar apararaq, Konstantinopola papaz tərəfindən göndərilmiş nümayəndələri qəbul etməyə hazır olduğunu bildirmişdi. Lakin nümayəndələrin gəlişindən sonra Şərq (yunan) keşişləri ilə şiddətli ixtilaf baş vermişdir. Bu ixtilaf nəticəsində papazın nümayəndələri Konstantinopol patriarxını və ona tabe olan bütün Şərq kilsələrini  dinsizlikdə ittiham edərək, onların xristian kilsəsindən xaric edilməsi haqqında məktub yazaraq onu rəsmi ibadət zamanı Konstantinopolun Müqəddəs Sofiya (Aya Sofya) kilsəsində yunan keşişlərinə təqdim etdilər.

1054-cü ildə isə patriarx Mixael Kelluarios Kilsə Məclisi yığıb papazın nümayəndələrini lənətləyərək, Roma kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərəncam verdi.  Bu hadisələrdən sonra Xristian kilsəsi parçalandı: Şərq (yunan) kilsəsi ortodoks (pravoslav),  Qərb (latın) kilsəsi isə katolik adlandırıldı.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.