Akademik Akif Əlizadənin 90 illik yubileyi AMEA-da təntənəli şəkildə qeyd edilib
27 fevral 2024-cü il tarixində AMEA Rəyasət Heyətində Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, böyük elm təşkilatçısı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli akademik Akif Əlizadənin 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin, ali təhsil müəssisələrinin və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə foyedə akademik Akif Əlizadənin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Elmi sessiyanı giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq yubilyarın keçdiyi mənalı və şərəfli həyat yolundan, alimin elmimizin inkişafı istiqamətindəki yorulmaz fəaliyyətindən danışıb. O, çoxəsrlik zəngin ənənələri olan Azərbaycan elminin böyük simaları arasında akademik Akif Əlizadənin xüsusi yeri olduğunu vurğulayıb. Qeyd edib ki, görkəmli alim ölkəmizdə və beynəlxalq aləmdə geologiya sahəsində özünün elmi məktəbini yaratmış, yaradıcı fəaliyyətlə yüksək təşkilatçılıq işini və vətəndaşlıq missiyasını üzvi surətdə əlaqələndirməyi bacarmışdır.
Azərbaycanda neft geologiyası və dağ-mədən geologiyası istiqamətlərinin perspektivli sahə kimi həmişə diqqət mərkəzində olduğunu deyən akademik İsa Həbibbəyli XX əsrdə Azərbaycanda paleontologiya elm sahəsinin yarandığını və Təbaşir dövrünün öyrənilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib. O, akademik Akif Əlizadənin həyatını bütünlüklə məhz paleontologiya sahəsinə həsr etdiyini və bu elm sahəsini yeni inkişaf səviyyəsinə qaldırdığını bildirib. Diqqətə çatdırıb ki, Yer kürəsinin Mezozoy qatının dərinliklərində baş verən proseslərin geopaleontoloji baxımdan tədqiqi Akif Əlizadənin çoxillik araşdırmaları ilə yeni bir dərinlik qazanmışdır. Alimin özünəməxsus paleontoloji metodları ilə geologiya ilə yanaşı, coğrafiya, zoologiya, biokimya elmlərinin kompleks tətbiqi əsasında və riyazi elementlərin cəlb edilməsi vasitəsi ilə Yerin təkinin daha dəqiq öyrənilməsinin möhkəm elmi əsasları yaradılmışdır.
AMEA prezidenti əlavə edib ki, akademik Akif Əlizadənin əsərlərində Azərbaycan elmində ilk dəfə olaraq böyük bir coğrafiyanın geopaleontozoologiyası sistemli şəkildə tədqiq olunaraq ümumiləşdirilmişdir. Bundan başqa, Qafqazın Azərbaycan hissəsinin geopaleontozoologiyasının elmi əsaslarla tədqiqi də böyük alimin adı ilə bağlıdır.
O, 1957-ci ildən etibarən akademik Akif Əlizadənin həyatının AMEA ilə bağlı olduğunu, alimin bu elm məbədində akademik yolun bütün mərhələlərini uğurla keçdiyini, dərin biliyi və geniş dünyagörüşü ilə laborantdan AMEA-nın prezidenti vəzifəsinədək yüksəldiyini qeyd edib. Bildirib ki, akademik Akif Əlizadə Elmlər Akademiyası sistemində ən gənc elmlər namizədi və elmlər doktoru, ən cavan institut direktoru kimi də ilklərə imza atmışdır. O, 48 ildir ki Geologiya və Geofizika İnstitutuna rəhbərlik edir.
Akademik İsa Həbibbəyli yubilyarın hədsiz həyat eşqi ilə daim yaşamaq və yaratmaq iqtidarında olduğunu, Azərbaycan elminin müdrik ağsaqqalının ən gərgin, ən çətin anlarda belə sabaha böyük ümidlərlə baxdığını vurğulayıb. Bildirib ki, güclü təfəkkürə və yaddaşa malik akademik Akif Əlizadə həm də poeziya vurğunu, şeir həvəskarıdır.
Görkəmli alimin çoxillik elmi-təşkilati fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini söyləyən akademik İsa Həbibbəyli onun “Əməkdar elm xadimi” fəxri adına, respublika Dövlət mükafatına layiq görüldüyünü, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, I dərəcəli “Əmək” ordenləri ilə təltif edildiyini xatırladıb. O, Prezident İlham Əliyevin 25 fevral 2024-cü il tarixli Sərəncamı ilə akademik Akif Əlizadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildiyini diqqətə çatdırıb. AMEA rəhbəri bu Sərəncamın Azərbaycan elminə verilən qiymətin ifadəsi olduğunu bildirib, Azərbaycan alimləri adından elmimizə, elm adamlarına verdiyi yüksək dəyərə görə dövlət başçısına təşəkkür edib.
AMEA prezidenti daha sonra “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib. O, həmçinin Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, dərin intuisiyaya, yüksək mənəviyyata malik 90 yaşlı elm fədaisi Akif Əlizadəni yubileyi münasibətilə təbrik edərək, ona AMEA-nın Fəxri fərmanını təqdim edib.
Sonra AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev “Akademik Akif Əlizadə – alim, novator və elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib.
Akademik Akif Əlizadənin keçdiyi həyat yolundan, onun böyük elm təşkilatçısı kimi fəaliyyətindən danışan vitse-prezident görkəmli alimlə tanışlığının 1970-ci ilə təsadüf etdiyini söyləyib. O, böyük elm fədaisi ilə uzun illər birgə çalışdığını, Akif Əlizadənin səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğunu söyləyib, alimi humanist, xeyirxah və yardımsevər insan kimi xarakerizə edib.
Akademik İbrahim Quliyev qeyd edib ki, görkəmli alim uzun yol keçib, savadı, elmi, bacarığı ilə elmin pillələrində irəliləyə bilib. 27 yaşında elmlər namizədi, 35 yaşında elmlər doktoru olub.
Məruzəçi bildirib ki, akademik Akif Əlizadə ölkəmizdə elm və təhsilin inteqrasiyasına xüsusi diqqət yetirib, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədrisi istiqamətində mühüm işlər həyata keçirib.
Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadənin “Endogen metallogeniyanın problemləri”, Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirovun “Qafqazın müasir geodinamikasının öyrənilməsində Geologiya və Geofizika İnstitutunun Massaçutes Texnologiya İnstitutu ilə uzunillik əməkdaşlığı” və Təbiət Tarixi Muzeyinin baş direktoru biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun “Azərbaycanda paleontoloji və stratiqrafik elmi tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzələri dinlənilib.
Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, “Azərbaycan İnterneyşnl Mayninq Compani Limited” (AİMK) şirkətinin baş vitse-prezidenti Fərhəng Hedjazi və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək həyatını elmə, maarifçiliyə həsr edən, innovativ ideyaları ilə fərqlənən akademik Akif Əlizadəni 90 illik yubileyi münasibətilə təbrik edib, ona həyatın ən şirin neməti olan cansağlığı arzulayıblar.
Bildirilib ki, Akif Əlizadənin fitri istedadı, tükənməz enerjisi və gərgin axtarışları gələcək nəsillər üçün bir məktəbdir. Görkəmli elm fədaisi ömrünün müdriklik çağında da yorulmadan çalışır, ictimai problemlərin həllində fəal iştirak edir. Geologiya sahəsində çalışan alimlər bu gün öz tədqiqat işlərində Akif müəllimin elmi yaradıcılığından, dəyərli ideyalarından bəhrələnirlər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olan qocaman alim həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi həmkarları, alim yoldaşları arasında, ümumiyyətlə, cəmiyyətdə böyük hörmət qazanıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən akademik Akif Əlizadə bu 90 ili şərəflə yaşayıb, Vətənə, xalqa, elmə, təhsilə ləyaqətlə xidmət edib və etməkdədir. O, şərəfli əmək və elmi bioqrafiyası ilə gənclərimizə böyük örnəkdir.
Tədbirdə, həmçinin Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti akademik Taliya Xabriyeva, REA Paleontologiya İnstitutunun direktoru akademik Aleksey Lopatin, REA-nın Zəlzələ Proqnozları Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun direktoru REA-nın müxbir üzvü Pyotr Shebalin, Qazaxıstan Respublikası FHN-nin Milli Seysmoloji Müşahidələr və Tədqiqatlar Elmi Mərkəzinin direktoru Daulet Sarsenbayev, Tacikistan Milli Elmlər Akademiyasının Geologiya, Zəlzələyə Davamlı Tikinti və Seysmologiya İnstitutunun direktoru Pulod Aminzoda, Massaçusets Texnologiya İnstitutunun Yer Atmosferi və Planet Elmləri Bölməsinin baş elmi işçi (təqaüddə olan) Robert Reilinger, Krım Elmlər Akademiyasının həqiqi üzvü Bella Gavrilovna və digərləri tərəfindən yubilyara ünvanlanmış təbrik məktubları səsləndirilib.
Bundan başqa, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) vitse-prezidenti akademik Əzizağa Şahverdiyevin, Almaniyanın Martin-Lüter Universitetinin professoru Yan Lörçün, Ukrayna geoloq alimləri adından professor Yuri Katsın, İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaumun və RTEA-nın akademiki Vaqif Kərimovun yubilyarla bağlı videotəbrikləri nümayiş olunub.
Tədbirdə çıxış edən akademik Akif Əlizadə mənsub olduğu nəslin bütün sahələrdə dəstəklənməsində Ulu Öndər Heydər Əliyevin böyük diqqət və qayğısından söz açıb. Vurğulayıb ki, bu gün Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yubilyar onun yaradıcılığına verilən yüksək qiymətə görə dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.
O, müəllimi olmuş akademiklərdən, taleyində mühüm rol oynamış böyük şəxsiyyətlərdən danışıb, gənclərə öz tövsiyələrini verib. Alim Azərbaycan elminin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb.
Sonda akademik Akif Əlizadənin həyat yolunu əks etdirən “Elmə həsr olunmuş ömür” filmi nümayiş etdirilib.