TEXNOLOGİYA

“Google”dan daha bir yenilik

Dünyanın ən böyük axtarış sistemi “Google” hər keçən gün daha bir yeniliklə qarşımızdadır. Belə ki, bu dəfə isə texnologiya nəhəngi istifadəçilər üçün böyük problemə çevrilən qapalı smartfonları tapmağın yolunu təqdim edib.

Əslində “Google” cihazlarda “Tap” funksiyasını uzun müddətdir ki, təklif edirdi. Bu funksiya həm Android, həm də iOS smartfonları üçün mövcud idi. Hətta “Apple” bu işi daha fərqli səviyyəyə daşıyaraq “AirTag” adlı GPS cihazları da təqdim etmişdi. Görünən odur ki, “Google” əzəli rəqibindən heç də geri qalmaq istəmir.

Bildiyimiz kimi, “Tap” xidməti “Google” hesabına qoşulmuş bütün smartfonların, planşetlərin və ağıllı saatların yerini göstərir. Həmçinin bu funksiya ilə cihazlardan bütün şəxsi məlumatları da silmək mümkündür. İndiyə qədər problem o idi ki, cihaz yalnız aktiv və internetə qoşulu olduğu halda bu funksiya işləyirdi. İndi isə problem aradan qaldırılıb.

Xatırladaq ki, “Google” daha əvvəl Android cihazların “Bluetooth” vasitəsilə bir-biri ilə ünsiyyət qurmaq üçün şəbəkə yaradacağını bildirmişdi. İndi məlum olub ki, Android 14-ün QPR1 beta versiyasında “Siz bu telefonu söndürülmüş olsa belə, cihazı “Tap” funksiyasından istifadə edərək tapa bilərsiniz” deyə bildiriş yer alıb. Bu isə onu göstərir ki, Android cihazlar yaxınlıqdakı cihazlarla “Bluetooth” vasitəsilə əlaqə yaradaraq sahibinə öz yeri barədə məlumat verəcək. Məhz buna görə də artıq smartfonlar qapalı olduqda və internetə qoşulu olmadıqda belə yeri barədə məlumat verəcək.

respublika-news.az