Ədəbiyyat İnstitutunun 90 illik yubileyi qeyd olunacaq
4 mart 2024-cü il tarixində saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçiriləcək.
“Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” adlı tədbir Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında baş tutacaq.
Tədbirdə TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Avrasiya Yazıçılar Birliyinin, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rəhbərləri və bir sıra xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcəklər. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının rəhbərliklərinin, ölkəmizdəki müxtəlif qurumların təmsilçilərinin, AMEA-nın əməkdaşlarının və media mənsublarının da iştirakı nəzərdə tutulur.
Yubiley tədbirində Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgi təşkil ediləcək.
Yubiley ilə əlaqədar olaraq “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı dərc olunacaq.