GÜNDƏM

“Divanü lüğat-it-türk”ün I cildi nəşr olunub

Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk”ün I cildi çap olunub. Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin rəhbərliyi ilə nəşr edilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ön söz” yazıb. Kitabın tərtibçisi professor Nadir Məmmədli, elmi redaktoru professor Osman Mertdir. “Divanü lüğat-it-türk” AMEA Rəyasət Heyətinin qərarı ilə 3 cilddə Dilçilik İnstitutunda çapa hazırlanır.

Özbək əsilli məşhur Azərbaycan alimi, ötən əsrin 30-cu illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş Xalid Səid Xocayev məşhur “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib. O, kitabın tərcüməsinə və “əksinqilabi pantürkist təşkilatın üzvü kimi, həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edilib. Təhlükəsizlik orqanları evində axtarış aparan zaman “Divan” üzə çıxmayıb, itmiş hesab olunub. Əsəri 86 il sonra – 2023-cü ildə professor Nadir Məmmədli institutun arxivindən tapıb.