Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Prezident İlham Əliyev: “Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir”
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu var. Regionun əsas infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi bu baxımdan Azərbaycan üçün çox böyük iqtisadi və siyasi üstünlük gətirib. Hərçənd on il öncə bir çoxları üçün bu layihə xəyal kimi görünürdü və həyata keçilməsində şübhələri var idi. Lakin Azərbaycan dövləti bu layihənin də reallaşmasında öz gücünü ortaya qoydu. Bu haqda Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi: “Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”. Bu layihə vasitəsi ilə Azərbaycanın Avropaya kommersiya məqsədli qazının nəqli mühüm tarixi hadisədir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı baxımından meqa layihə hesab edilir. Azərbaycan bu mürəkkəb layihəni uğurla icra etməyi bacardı. Çünki eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentləri əlaqələndirililib və həmçinin istismara verilib. Bütün bu işlər daha aşağı xərclə edilib. Cənab Prezidentin dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var”. Məlumat üçün bildirək ki, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.
Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun şəkildə icra edilib. Hazırda layihənin reallaşması TANAP vasitəsilə həyata keçirlir. Prezident İlham Əliyevin fikrincə, Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. “On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”,- deyə dövlətimizin başçısı əlavə edib. Bildiyimiz kimi, Cənub Qaz Dəhlizinin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Cənab Prezident müsahəbəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün beynəlxalq əməkdaşlığın önəminə də toxunub: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”. Bu baxımdan Cənub Qaz Dəhlizinin həm də siyasi əhəmiyyəti var. Çünki bu layihəyə adi olan ölkələr arasında sıx əməkdaşlıq da yaranıb. Xüsusən reagion ölkələri olaraq Azərbaycan, Gürcüstan və Türkiyənin Cənub Qaz Dəhlizinin icrası zamanı əməkdaşlığı daha da güclənib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin keçdiyi digər ölkələr arasında da özünü göstərib. Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi ilə bağlı marşurut boyunca olan ölkələrdə saysız açılış və təqdimatlar təşkil edilib. Bu tədbirlərdə boru kəmərinin keçdiyi ölklərin liderləri layihənin baş tutmasında Azərbaycanın rolunu və mənbə ölkə olmasını qeyd edirlər. Onlar, bu işdə Prezident İlham Əliyevin qətiyyətini xüsusi vurğulayırlar. Əlbəttə ki, bütün bunları Avropa liderlərindən eşitmək qürurvericidir.
Artıq Azərbaycan Avropada, ümumiyyətlə, dünyada qaz ixrac edən ölkə olaraq tanınır. Bu gün Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə bir sıra Avropa Birliyi ölkələrini qazla təmin etməsi dövlətimizin iqtisadi potensialının əsas göstəricisidir. Bununla Avropa ölkələri alternativ təchizat mənbələrini əldə etmək imkanı qazanmış olurlar.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi