ELM VƏ TƏHSİL

Elmi və ali təhsil müəssisələrinin əməkdaşlarına “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlim keçirilib

Bakı, 4 mart, AZƏRTAC

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən təlim keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi və ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər. Üç gün davam edəcək təlimin əsas məqsədi iştirakçılara dünyanın ən böyük elmmetrik bazaları olan “Scopus” və “ScienceDirect”dən istifadə qaydaları barədə zəruri məlumatların çatdırılmasıdır.

Təlimin ilk günündə elmmetrik bazalarda müəllif profillərinin idarə olunması, tədqiqat işlərinin nəşr edilməsi prosesi, uğurlu tədqiqat üçün effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıqların qurulması kimi mövzular müzakirə olunub.

Sonda mövzu ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.