“Türk dünyasının dahi şəxsiyyəti” kitabının təqdimatı olub
Martın 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Bişkekdə Azərbaycan və rus dillərində nəşr edilmiş “Türk dünyasının dahi şəxsiyyəti” (Velikaya liçnost Tyurkskoqo mira) kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitab Qırğızıstanda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə nəşr olunub. Kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Sehranə Kasimidır.
Tədbirdə Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev, akademiklər Yaqub Mahmudov, Nizami Cəfərov və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, “Türk dünyasının dahi şəxsiyyəti” kitabının işıq üzü görməsi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulan Qırğızıstan-Azərbaycan mədəni əlaqələrinin uğurlarını tərənnüm edən mühüm hadisədir. Bu kitab Azərbaycan, türk və qırğız alimlərinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri məqalələr toplusundan ibarətdir. Topluya daxil olan məqalələr iki hissədən ibarətdir. Birinci hissəyə Heydər Əliyevi görkəmli dövlət xadimi və müasir Azərbaycanın banisi kimi səciyyələndirən məqalələr daxildir. Məqalələrin ikinci hissəsi isə Ümummilli Liderin Azərbaycan xalqının mədəniyyətinin, təhsilinin, ədəbiyyatının inkişafı, mədəni irsinin qorunması və təbliği sahəsindəki fəaliyyətinə həsr olunub.
Tədbir bədii hissə ilə davam edib.