GÜNDƏM

Paytaxt məktəblərində fövqəladə hallara dair maarifləndirici tədbirlər davam etdirilir

Paytaxtdakı ümumi təhsil müəssisələrində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyilə keçirilən layihənin məqsədi suda boğulma, yanğın, dəm qazından zəhərlənmə və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.

Bakı şəhəri 114 və 84 nömrəli tam orta məktəblərdə təşkil olunan tədbirlərdə fövqəladə hallar zamanı davranış, suda boğulma, yanğın və dəm qazı zəhərlənmələri ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat verilib. Təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltməyin və bu istiqamətdə onların bilik və bacarıqlarının artırılmasının vacibliyindən bəhs edilib.

Şagirdlər simulyativ proqramlarla çıxış edib, sənədli film və videoçarxlar nümayiş olunub.

Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.