MƏMMƏDƏLİ BABAŞLI: “BÜTÜN ELMLƏRİN BÜNÖVRƏSİ TƏHSİLLƏ QOYULUR”
Müsahibə bölməmizin növbəti qonağı ərəbşünas-islamşünas, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlıdır. O, uzun müddət ərəb ölkələrində tərcüməçi işləyib. İslamşünaslıq və şərqşünaslığın müxtəlif aktual məsələlərinə həsr olunmuş 100-ə yaxın elmi əsərin müəllifidir. Azərbaycanda, Türkiyədə, Cənubi Koreyada, Qırğızıstanda, Ukraynada, Rusiyada keçirilmiş elmi konfranslarda iştirak və çıxış edib. Türkiyədə “Ərəbdilli əlyazmaların təsnifatı və kataloqlaşdırılması”, Misirdə “Ərəb və İslam mədəniyyəti” mövzusunda keçirilmiş beynəlxalq təlimlərin iştirakçısı olub. Bir şərqşünas, ziyalı kimi onunla tərcüməçilik sahəsindəki fəaliyyətlərindən, həmçinin, elm və təhsillə bağlı düşüncələrindən danışdıq.
– Xoş gördük, Məmmədəli bəy! Söhbətimizə başlayarkən ərəbşünaslıq ixtisasını seçməyiniz barədə məlumat verməyiniz maraqlı olardı.
– Etiraf edim ki, orta məktəbdə ərəb dili barədə heç bir təsəvvürüm olmayıb. Sadəcə olaraq, uşaqlıq illərimiz bir yerdə keçmiş yaxın qonşum bu ixtisasa qəbul olandan sonra bir dəfə ondan maraq üçün ərəbcə yazmasını xahiş etdim. Sağdan sola yazması, hərflərin sehrli bir dünya təsiri bağışlaması məndə də bu ixtisasa maraq oyatdı. Məktəbi bitirdikdə elminə və şəxsiyyətinə hədsiz hörmət bəslədiyim universitetdə müəllim işləyən dayımın təkidlə tarixçi olmağımı istəməsi də qərarımı dəyişdirmədi. Düzdür, sənəd qəbulu əsnasında dayımın tarix ixtisasının xalqımız üçün nə qədər əhəmiyyətli olması, ərəbşünas kimi xaricdə tərcüməçi işləmək imkanı olsa da, qayıdandan sonra bu ixtisasa uyğun iş tapmağın çətinlik törətməsi barədə təlqinləri qarşısında bir anlığa razılaşdım. Ancaq sənədləri vermək istədikdə oradakı əməkdaşlar nahar fasiləsinə az qaldığını söylədilər. Dayımla həyətdə oturub fasilənin bitməsini gözləyərkən necə oldusa, qərarımdan döndüyümü dedim. Dayım da buna çox məyus oldu, ancaq qərarımın dəyişməyəcəyinə əmin olduqdan sonra razılaşdı.
– Bir qədər də tələbəlik illərinizdən, tərcüməçilik fəaliyyətinizdən bəhs edərdiniz.
– Əlbəttə, eyni anda ərəb dilini, məktəbdə alman dili keçdikdən sonra universitetdə ingilis dilini öyrənmək, xaricdə ehtiyacım olacağına görə rus dilini təkmilləşdirmək zərurəti olduğu üçün ilk dövrdə çətinlik çəkdim. Ancaq ixtisas seçimində təkid etdiyimə görə gecəni gündüzə qataraq çalışdım. Reyhan Qonaqova, Zahid Hüseynov, Malik Mahmudov, ustadımız Ələsgər Məmmədov kimi müəllimlərim oldu. Professor Vasif Məmmədəliyevin ərəb dilçiliyi, Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatı, Abbas Zamanovun Azərbaycan ədəbiyyatı tarixi fənnindən mühazirələrini dinlədim. Həmçinin, milli təəssübkeşlik hisslərimin, dünyagörüşümün formalaşmasında ziyalılıq etalonu olan dayımın çox böyük təsiri oldu. 1980-ci ildə IV kursdan sonra tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasına ezam olundum. III kursdan etibarən ərəbcə danışığımı təkmilləşdirmək məqsədilə qaldığım xaricilərin yataqxanasında otaq yoldaşlarımın yəmənlilər olması işimə yaradı. Demək olar ki, Yəməndə ləhcə ilə bağlı problem yaşamadım. Bu səfər həyatımda həlledici rol oynadı. Xaricə çıxanda müqayisə etmək, illərlə beynimizə yeridilən şüarların əsl mahiyyətini görmək imkanım oldu. Dəfələrlə bizdən az maaş almalarına baxmayaraq yəmənlilərdə müşahidə etdiyim təvəkkül, halal-haram anlayışları məni dərin düşüncələrə sövq etdi, bizdən gizlədilən həqiqətləri idrak etməyimə səbəb oldu. Bu düşüncələr bir ədəd Quran almağımla və təbliğat məqsədilə ərəb dilinə tərcümə olunmuş kitabların arasında gətirməyimlə nəticələndi. Maraqlıdır ki, Şeremetyevo hava limanında gömrükdən keçərkən açdırmadıqları yeganə baqaj məhz bu kitabların qoyulduğu qutu oldu. Məzun olduqdan sonra hərbi tərcüməçi kimi göndərildiyim Əlcəzairdə də şahid olduğum hallar sovet həyat tərzinin üstünlüyünün nağıl olması qənaətimi daha da möhkəmləndirdi. Beləliklə, gələcək karyeramı hərbi tərcüməçi kimi davam etdirmək arzumun üstündən birdəfəlik xətt çəkdim.
– Bəs elmi fəaliyyətə necə başladınız və hansı işləri gördünüz?
– 1984-cü ildə universiteti bitirdikdə fakültəmiz üzrə dövlət attestasiya komissiyasının sədri kimi Əlyazmalar Fondunun müdiri, mərhum professor Cahangir Qəhrəmanov iştirak edirdi. Ərəb ədəbiyyatından yazdığım diplom işi haqqında məlumat verərkən xeyirxahlığını heç vaxt unutmayacağım Ələsgər müəllim mənə, “Gələcəkdə bu mövzunu davam etdirmək istəyirsənmi?” və Cahangir müəllimə də, “Zəhmət olmasa, cavaba qulaq asın”, – deyə müraciət etdi. Mən də ümumən elmi araşdırmalara həvəsim olduğunu, ancaq daha çox ərəb dili və ərəb ölkələri tarixi ilə maraqlandığımı deyincə, Cahangir müəllim məni Əlyazmalar Fondunda işə dəvət etdi. Hərbi tərcüməçi kimi Əlcəzairə gedəcəyimi ifadə etdikdə isə, “Eybi yoxdur, gələndən sonra işə qəbul edərəm”, – deyə uğurlar arzuladı. Əlcəzairdən qayıtdıqdan sonra 1987-ci ilin əvvəlində artıq Əlyazmalar İnstitutu kimi fəaliyyətini davam etdirən bu quruma getdim və Cahangir müəllimə verdiyi vədi xatırlatdım. O da Dövlət Plan Komitəsinə müraciət etdiyini və ştat verilən kimi məni işə qəbul edəcəyini ifadə etdi. Ancaq fikrini dəyişməsindən ehtiyat etdiyim üçün Cahangir müəllimə deyə bilmədiyim bir problemim də var idi. Belə ki, tələbəlik illərində müvəqqəti qeydiyyatda olduğum Bakı şəhərinə daimi qeydiyyatım yox idi. Daimi qeydiyyatım olmadığına görə isə işə qəbul olmağım imkansız idi. Təbii ki, kömək etmək istəyən insanlar oldu, lakin evli olmağım məsələni daha da çətinləşdirdi. Ancaq bir tərəfdən qeydiyyat məsələsi ilə məşğul olur, digər tərəfdən də vaxtaşırı instituta baş çəkərək ştat məsələsi ilə maraqlanırdım. Nəhayət, Azərbaycan Karlar Cəmiyyətinin orqanı olan “Bizim həyat” qəzetində tərcüməçi kimi işə başladım və beləliklə, cəmiyyətin yataqxanasında qeydiyyata düşdüm. 1988-ci il oktyabr ayının sonlarına doğru növbəti dəfə Cahangir müəllimin yanına gedəndə o, Əlyazmalar İnstitutunda yeni təşkil edilmiş islamşünaslıq qrupunda fəaliyyət göstərmək şərti ilə işə qəbul edilə biləcəyimi dedi. Qrupun yaradılmasının təşəbbüskarı və rəhbəri rəhmətlik Əbülfəz Elçibəylə görüşməyimi və onun da razılığı olduğu təqdirdə işə başlaya biləcəyimi bildirdi. Mən də imkan daxilində Moskvaya və ya Leninqrada ezam olunmağa, oradakı mütəxəssislərlə, mənbələrlə tanış olmağa ehtiyacım olacağını bildirərək təklifi qəbul etdim. Daha əvvəl şəxsən tanımadığım, tələbəlik illərində ancaq adını eşitdiyim Əbülfəz müəllimlə görüşdüm. Qrupun qarşısında duran vəzifələrdən, dinimizin sovet islamşünasları tərəfindən məqsədyönlü şəkildə təhrif edilməsindən, məzhəb fərqliliyinin qabardılmasından bəhs etdi. Bu səbəbdən də klassik əsərlərin əlyazma nüsxələrinin tədqiq edilməsinin vacibliyini vurğuladı və XIV əsrdə yaşamış azərbaycanlı fəqih Yusif Ərdəbilinin “əl-Ənvar li-əməlil-Əbrar” adlı əsərini araşdırmağı tövsiyə etdi. Beləliklə, 1 noyabr 1988-ci il tarixindən Əlyazmalar İnstitutunun “Mənbəşünaslıq və elm tarixi” şöbəsi nəzdindəki islamşünaslıq qrupunda fəaliyyətə başladım.
– Mütəxəssislərin, obyektiv araşdırmaların olmadığı bir sahədə araşdırma aparmaq çətin olmadımı?
– Təbii ki, çətinliklər var idi. Əvvəla əlyazma müəllifi haqqında institutdakı mövcud kataloqlardan əldə etdiyim biblioqrafik məlumat 3-4 cümləni keçmirdi. Digər tərəfdən, noyabrın 17-də başlayan meydan hərəkatında Əbülfəz müəllimin iştirakı və sonrakı fəaliyyəti qrupa çox vaxt ayırmasına imkan vermədi. 1989- cu ildə Türkiyəyə səfər etmiş institut direktorunun Mərmərə Universitetinin İlahiyyat fakültəsinin dekanı professor Salih Tuğla əldə etdiyi razılığa əsasən məni Türkiyəyə göndərmək təşəbbüsü Moskvanın icazəsi olmadığı üçün baş tutmadı. Bir il sonra aspiranturaya qəbul üçün ezam olunduğum SSRİ EA Şərqşünaslıq İnstitutunda elmi araşdırma aparmağım barədə aldığım razılığa da Moskva islamşünaslarının obyektiv olmadıqlarını əsas gətirərək Əbülfəz müəllim müsbət yanaşmadı. Nəhayət, hər kəs kimi Qarabağ ətrafında baş verən hadisələrə, yaşadığımız çoxsaylı faciələrə biganə qala bilməməyim elmi araşdırmaların intensivliyinə də təsir edirdi. Ancaq “Əgər arzu etdiyiniz mümkün olmursa, mümkün olanı arzu edin” prinsipinə uyğun olaraq yenə müəyyən işlər görməyə çalışdım. 1991-ci ilin oktyabr-dekabr aylarında İstanbul şəhərində yerləşən İslam Araşdırmaları Mərkəzində (İSAM) “əl-Ənvar”ın müəllifi haqqında biblioqrafik məlumat topladım, Mərmərə Universitetinin mütəxəssisləri ilə görüşərək faydalı məsləhətlər aldım. Türkiyədə doktorantura təhsili almaq ümidi ilə Türkiyənin Ali Təhsil Şurasında ali təhsil sahəsində ixtisasımın tanınmasına və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına) nail oldum. Təəssüf ki, daha sonra məişət qayğıları ilə əlaqədar fəaliyyətimi burada davam etdirməli oldum. 1994- cü ilin avqust-oktyabr aylarında “Ərəbdilli əlyazmaların təsnifatı və kataloqlaşdırılması” mövzusunda Türkiyənin Süleymaniyyə Kitabxanasında təşkil edilmiş beynəlxalq ixtisasartırma kursunda iştirak etməyim dissertasiya işimi yekunlaşdırmağıma səbəb oldu. Mərmərə Universitetinin İlahiyyat fakültəsinin dekanı professor İbrahim Kafi Dönməzin elmi məsləhəti ilə yerinə yetirdiyim dissertasiya işini Ali Attestasiya Komissiyası xaricilərin elmi rəhbər olmasına icazə vermədiyi üçün mərhum Vasim Məmmədəliyevin elmi rəhbərliyi ilə müdafiə etməli oldum. Şafei məzhəbinin Azərbaycanda yayılması və inkişafı tarixini, əsərin üsul və füru baxımından tədqiqini, əlyazma nüsxələrini, haşiyə və şərhlərini ətraflı araşdırdığım dissertasiya işində nisbələrinə baxmadan fars, hətta ərəb kataloqlarında fars alimi kimi təqdim olunan onlarla soydaşımızın Azərbaycan mənşəli olduğunu ortaya çıxardım. 1997-ci ildə Azərbaycan EA Şərqşünaslıq İnistitutunun nəzdindəki ixtisaslaşdırılmış dissertasiya şurasında müdafiə edərək ilahiyyat elmləri namizədi elmi dərəcəsi aldım.
– Belə bir şəraitdə başqa nə kimi araşdırmalarınız oldu?
– Bu dövrdə Bakı şəhərinin qazısı və quberniya məclisinin sədri, müfəssir və tərcüməçi, qırmızı terrorun qurbanlarından biri Axund Mirməhəmməd Kərim Mircəfərzadənin elmi-dini fəaliyyəti ilə maraqlandım. Bu maarifpərvər din xadiminin həyat və fəaliyyətini araşdırdım, onun haqqında dövri mətbuatda məqalələrin nəşrinə, televiziya və radio verilişlərinin hazırlanmasına nail oldum. Eyni zamanda həmkarım Nəsib Göyüşovla birlikdə Əbu Turab Axundzadənin “İslamın təfriqəsi səbəbləri” əsərini transliterasiya edərək, ön söz və lüğətini hazırlayaraq nəşr etdirdik. Həmçinin, XIX əsrin ikinci yarısında Həsən bəy Zərdabinin maarifçilik fəaliyyətini və X əsrin əvvəllərində Azərbaycanda xeyriyyəçilik prinsipləri əsasında geniş yayılmış milli maarifçilik hərəkatını araşdıraraq silsilə elmi məqalələrlə və publisist yazılarla çıxış etdim. Əhməd bəy Ağaoğlunun, Hacı Zeynalabdin Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyətləri haqqında dövri mətbuatdan və arxivdən topladığım materialları transliterasiya edərək elmi və elmi-publisistik məqalələrlə çıxış etdim. Sözügedən araşdırmalar mənim daha əvvəl heç təsəvvür etmədiyim pedaqoji fəaliyyətim üçün zəmin hazırladı.
– Elə bu barədə də məlumat verərdiniz.
– Maarifçilik tarixi ilə məşğul olarkən bütün həyatını xalqının maariflənməsinə, onun elmi biliklərə yiyələnməsinə həsr etmiş Həsən bəy Zərdabinin insanlarımızın təhsilə biganə qalmaları müqabilində “Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar” şəklində sitəmkar sözləri mənə çox təsir etdi. Dünya sosializm sisteminin çökdüyü, SSRİ-nin dağıldığı, ölkəmizə qarşı Ermənistanın təcavüzünün davam etdiyi bir şəraitdə güclü olmağın yeganə yolunun yeni dövrün tələblərinə uyğun təhsildən keçdiyini dərk etdiyim üçün imkan daxilində bu sahəyə üz tutdum. 1996-cı ildən etibarən Qafqaz Universitetində ərəb dili, tərcümə nəzəriyyəsi və təcrübəsi, tərcümə metodları fənlərini tədris etdim. 1998-ci ildən Bakı Dövlət Universitetində əvvəlcə İslam əxlaqı fənni ilə başlayan tədris fəaliyyətim islamşünaslıq, sənədləşmə və terminologiya, dil tarixi fənlərinin tədrisi ilə davam edir. 2019-2020-ci tədris ilindən etibarən də Azərbaycan İlahiyyat İnstitutunda ərəb dili müəllimi kimi fəaliyyət göstərirəm.
– Bir müəllim kimi təhsilimizin və tələbələrin səviyyəsi sizi qane edirmi?
– Bəşəriyyətin qazandığı uğurların mükəmməl təhsil sistemi vasitəsilə mümkün olduğu məlumdur. Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Bu səbəbdən də müasir dövrün çağırışlarına uyğun olaraq qurulmuş təhsil çox strateji və prioritet sahədir. Sürəkli dəyişən dünyanın tələbləri ilə uzlaşan biliklər əldə etmək, mövcud biliklər arasında ən uyğun olanını seçmək, sahib olduğu bilikləri başqaları ilə bölüşmək bu gün çox ciddi bir zərurətdir. Ali təhsilin qarşısında duran əsas hədəflərdən biri tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən mütəxəssislər yetişdirməkdir. Ancaq bunun üçün də ilk növbədə orta məktəblərdə keyfiyyətli təhsil verilməlidir. Təəssüf ki, obyektiv və subyektiv səbəblərdən hələlik bunu görə bilmirik. Tələbələrə gəlincə, onlar təhsilə gələcəyə qoyulmuş sərmayə kimi baxmalıdırlar. Daha məqsədyönlü olmalı və informasiya bolluğu şəraitində onlara lazım olacaq məlumatlara yiyələnməlidirlər.
– Elm sahəsində ilk addımlarını atan gənclərə nə tövsiyə edərdiniz?
– Təcrübə göstərir ki, elmi kadrların intellektual və mənəvi inkişaf səviyyəsi böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də elmi araşdırma ilə məşğul olanlar məsələnin əhəmiyyətini dərk etməli, öz işlərinə ciddi münasibət bəsləməli, yorulmadan elmin zirvəsinə doğru məsafə qət etməlidirlər. Ən vacibi isə, elmə təkcə şəxsi mənfəət prizmasından yanaşmamalı, öyrəndiklərini başqaları ilə bölüşməyi bacarmalıdırlar.
Ruslan Yusibov